MDB MÜŞAHİDƏÇİLƏR MİSSİYASININ 300-DƏK ÜZVÜ OLACAQ
MDB İcraiyyə Komitəsi prezident seçkilərini müşahidə etmək üçün artıq Azərbaycan hökumətinin dəvətini almışdır və artıq Bakıda MDB müşahidəçilər missiyasının qərargahı fəaliyyətə başlamışdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev eksklyuziv müsahibəsində bu barədə məlumat verərək bildirmişdir ki, Naxçıvan, Gəncə, Lənkəran və Xaçmaz şəhərlərində MDB missiyası qərargahının şöbələrini açmaq nəzərdə tutulur. Birliyin nizamnamə və digər orqanları yanında MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələr Şurası isə missiyanın rəhbəri qismində onun namizədliyini təsdiq etmişdir. Missiyaya təxminən 250-300 uzunmüddətli və qısamüddətli müşahidəçi daxildir.
S.Lebedev Azərbaycanda seçkiqabağı siyasi ab-havanın qiymətləndiriləcəyinin nəzərdə tutulub-tutulmadığı barədə sualı şərh edərək demişdir ki, bu, MDB müşahidəçilər missiyasının vəzifələrinə daxil deyildir. Biz işimizdə diqqəti milli seçki qanunvericiliyinin beynəlxalq aləmdə qəbul olunmuş normalara nə dərəcədə uyğun gəlib-gəlmədiyini və seçkiqabağı prosesdə buna riayət olunub-olunmadığını müəyyənləşdirməyə yönəldirik. Sadə dillə desək, MDB müşahidəçiləri Azərbaycanda qəbul edilmiş seçki qanunvericiliyinə nə dərəcədə əməl olunduğunu qiymətləndirəcəklər.
İcraiyyə Komitəsinin sədri onu da vurğulamışdır ki, Azərbaycanda seçkilər 125 seçki dairəsinin hamısı əhatə olunmaqla müşahidə ediləcəkdir. S.Lebedev demişdir: “Müşahidələr gedişində MDB missiyası üzvlərinin namizədlərin seçkiqabağı qərargahlarının nümayəndələri ilə görüşləri, həmçinin dairə seçki komissiyalarında olmaq nəzərdə tutulur. Müşahidəçilərimiz kütləvi informasiya vasitələrinin, telekanalların prezidentliyə namizədlərin fəaliyyətini işıqlandırmalarının monitorinqini, seçki qanunvericiliyinin ekspertizasını keçirəcəklər. Seçki prosesində pozuntu faktları ilə bağlı şikayət və ərizələrə baxmaq səlahiyyəti olan orqanların rəhbərləri ilə də görüşlər planlaşdırılmışdır. MDB missiyasının başçısı seçkilərin ertəsi günü yekun bəyanatla çıxış edəcəkdir”.
Qərb müşahidəçiləri ilə qarşılıqlı əlaqələr məsələsinə toxunan S.Lebedev bildirmişdir ki, MDB müşahidəçilər missiyası adətən ATƏT-dən olan həmkarlarla əlaqə saxlayır. O demişdir: “Seçki kampaniyaları zamanı MDB və ATƏT missiyaları başçılarının, MDB missiyasının qərargah rəhbərləri ilə ATƏT müşahidəçilərinin görüşləri keçirilir. Zənnimcə, ekspertlər səviyyəsində də görüşlər olacaqdır”.