MDB ÖLKƏLƏRİNİN DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ VƏ MİQRASİYA İDARƏLƏRİ NÜMAYƏNDƏLƏRİNİN MÜŞAVİRƏSİ
Müşavirə müasir dünyanın ən mürəkkəb və çoxcəhətli miqrasiya proseslərinin nizama salınması və qeyri-leqal miqrasiya ilə mübarizə məsələlərinə həsr olunmuşdur. Tədbir iştirakçıları Birlik ölkələrində miqrasiya problemlərinin həllinə yanaşma yolları haqqında fikir mübadiləsi aparır, problemli məsələləri müzakirə edir, habelə miqrasiya problemlərinin həlli yolunda birgə fəaliyyətin bundan sonra da gücləndirilməsi və əlaqələndirilməsinə dair təkliflər hazırlayırlar.
Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romadanovski çıxışında bildirmişdir ki, RF FMX-nın qarşısında duran mühüm vəzifələrdən biri immiqrasiya üçün maksimum əlverişli şərait yaratmaqdır. Bu məsələdə də əsas diqqət Rusiyanın miqrasiya cazibəsini əmək qabiliyyətli yaşda olan müvafiq ixtisaslı əcnəbilər üçün artırmağa yönəldilməlidir. FMX-nın məlumatına görə, hər il Rusiya Federasiyası ərazisinə, əsasən, MDB ölkələrindən 20 milyondan çox miqrant gəlir. Rusiya FMX və onun ərazi orqanları ötən il əcnəbi işçiləri cəlb etmək üçün işəgötürənlərə 30 minədək icazəni rəsmiləşdirmişlər. Əmək fəaliyyəti ilə məşğul olmaq üçün 440 mindən artıq icazə verilmişdir ki, bunun da 233 mindən çoxunu MDB ölkələrindən gələn işçilər almışlar.
Lakin müşavirədə ətraflı müzakirə tələb edən mühüm problemlərdən biri qeyri-leqal miqrasiya məsələsidir. Görüşdə vurğulanmışdır ki, yeni minilliyin beynəlxalq terrorizm, insan və silah alveri, habelə qeyri-leqal miqrasiya kimi təhdidləri MDB çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və genişləndirilməsi zərurətindən xəbər verir.