MDB ölkələrinin ekspertləri bioetika və sübutetmə təbabəti prinsiplərini müzakirə ediblər
Bakı, 3 aprel, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərin Parlamentlərarası Assambleyası yanında Səhiyyə üzrə Ekspert Şurasının Bioetika və sübutetmə təbabəti prinsiplərinin inkişafı komissiyasının iclası keçirilib.
AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Beynəlxalq əməkdaşlıq idarəsi rəisinin müavini Vitali Maltsev MDB ölkələrinin 2030-cu ilə qədər olan dövrdə Dövlətlərarası İnnovasiya Əməkdaşlıq Proqramı haqqında məlumat verib. O bildirib ki, həmin Proqramın əsas məqsədi Birlik ölkələrinin innovasiyalı inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün ərazilərin kompleks şəkildə mənimsənilməsinə yönəlmiş əməkdaşlığın inkişafı üçün şərait yaratmaqdır.
“Klinik tövsiyələr və milli səhiyyənin inkişafı üzrə Avrasiya əməkdaşlığı” avtonom qeyri-kommersiya təşkilatının direktoru Sergey Savaşinski Qlobal Tibbi Elm-Təhsil və Tədqiqat Platforması (Global Medical Scientific Educational Research Platform - GM SERP) yaradılması barədə məlumat verib. O bildirib ki, əsası klinikayaqədərki və klinik tədqiqatlar, sistemli analiz və tibbi yardım göstərilməsinin keyfiyyətinin qiymətləndirilməsi üzrə elmi tədqiqat işləri olacaq bu platformanın yaradılması üzrə fəal iş aparılır.
Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, MDB Parlamenlərarası Assambleyası yanında Səhiyyə üzrə Ekspert Şurasının üzvü Nelli Diveyeva “MDB iştirakçısı olan ölkələrdə dərman təminatı haqqında” model qanunun konsepsiyasını təqdim edib. Bu qanunda dərman təminatının əsas prinsipləri, dərmanların qeydiyyatının vahid sistemi, dərman preparatlarının satınalma mexanizmi, habelə yeni medikamentlərin yaradılması barədə həkimlərin məlumatlandırılması sistemi əks olunacaq.
İclas iştirakçıları “MDB iştirakçısı olan ölkələrdə dərman təminatı haqqında” model qanunun hazırlanmasının yol xəritəsi ilə tanış olublar. Yol xəritəsində 2024-cü ilə qədər olan dövr üçün tədbirlərin təqvim planı göstərilib.
İclasda Birlik dövlətlərində şəkərli diabetdən əziyyət çəkən xəstələrin reabilitasiyası, bu xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üzrə “İbn Sina” layihəsinin reallaşdırılması məsələləri müzakirə edilib.
Bundan əlavə, süni intellekt imkanlarından istifadə edilməklə səhiyyənin vəziyyəti barədə informasiyanın kodlaşdırılması alqoritmlərinin yaradılması məsələsi nəzərdən keçirilib.