MDB ölkələrinin ekspertləri cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
Minsk, 3 mart, AZƏRTAC
Martın 4-5-də Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin məhkəmələrinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslər barəsində qərarlarının icrası haqqında Konvensiya layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Təşkilatın mətbuat xidmətində məlumat verilib.
Bu sənəd cinayət ədliyyəsi sahəsində dövlətlərin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmamaq prinsipləri əsasında beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə və qarşılıqlı yardımın genişlənməsinə yönəlib.
Konvensiya hökmün çıxarıldığı dövlətdə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara və cinayət-hüquqi xarakterli tədbirlərə məhkum edilmiş əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin barəsində məhkəmə qərarlarının icrasında tərəflərin qarşılıqlı fəaliyyətini tənzimləyəcək. Əsas şərt ondan ibarətdir ki, məhkəmənin qərarı qəti və qanuni qüvvəyə minmiş olmalıdır.
Sənəddə hökmün başqa dövlətə ötürülməsinə dair sorğuların göndərilməsi və icrası qaydaları, hökmün icra edildiyi ölkənin qarşısında yaranan öhdəliklər, habelə başqa dövlətə ötürülmüş hökmlərə yenidən baxılması, əfv və amnistiya qaydası təsbit olunub.
Konsepsiyanın layihəsi ekspertlərin ötən il noyabr ayında keçirilmiş iclasında bütövlükdə razılaşdırılıb və dövlətdaxili razılaşdırılma üçün Birliyin üzvü olan ölkələrə göndərilib. Lakin həmin sənəd barəsində MDB İcraiyyə Komitəsinə daxil olmuş iradlarla əlaqədar, ekspertlərin əlavə iclasında sənədin təkmilləşdirilməsi zərurəti yaranıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk