MDB ölkələrinin ticarət və iqtisadi məsələlər üzrə diplomatlarının iştirakı ilə videokonfrans keçirilib
Paris, 23 aprel, AZƏRTAC
Parisdə Rusiya Federasiyasının Fransadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə MDB ölkələrinin Fransada akkreditə olunmuş ticarət və iqtisadi məsələlər üzrə diplomatlarının iştirakı ilə videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfransda Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistanın nümayəndələri iştirak ediblər. Konfransda mövcud ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Ticarət və iqtisadi məsələlər üzrə diplomatlar Fransa ilə texnoloji tərəfdaşlıq, ixracatçılara dəstək məqsədilə ən yaxşı təcrübə mübadiləsi, ixracatçıların Fransa bazarında üzləşdikləri problemlər, enerji səmərəliliyi, sənayenin rəqəmsallaşdırılması, nüvə gücü, kənd təsərrüfatı, “yaşıl enerji” kimi məsələləri müzakirə ediblər.
Videokonfransda Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələri, eləcə də ölkəmiz üçün prioritet sahələr haqqında ətraflı məlumat verib.
Ticarət və iqtisadi məsələlər üzrə diplomatlar videokonfransı yüksək qiymətləndirərək mütəmadi olaraq videogörüşlər təşkil etməyə razılaşıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris