MDB ZİYALILARI MƏDƏNİYYƏTLƏRİN DİALOQUNUN TƏRƏFDARIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 18-də Düşənbədə MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının III Forumu açılmışdır.
Forumun işində iştirak etmiş Tacikistan Prezidenti Emoməli Rəhmon qeyd etmişdir ki, bu genişmiqyaslı tədbirin keçirilməsi Birlik xalqlarının qarşılıqlı əlaqələri və qarşılıqlı zənginləşməsi üçün ənənəvi və səmərəli vasitəyə çevrilməkdədir. Bu cür görüşlər onu göstərir ki, yaradıcı və elmi ziyalılar mədəniyyətlərin, ədəbiyyat və incəsənətin, elm və texnologiyaların qarşılıqlı əlaqələrinin qərarlaşmış ənənələrinə qayğı ilə yanaşır, onları qorumağa və daha da inkişaf etdirməyə çalışırlar.
Açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirə toplaşanlara Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırmışdır. Səfir qeyd etmişdir ki, bu gün gənc nəslin insanlarda humanizm və mehriban qonşuluq prinsipləri formalaşdıran, Birliyin bütün ərazisində təəssüf ki, hələ də rast gəlinən dözülməzlik, təcavüzkarlıq və onların nəticələri kimi xoşagəlməz halları istisna edən humanitar və mədəni dəyərlərə yiyələnməsi çox vacibdir. Gənc nəslin bu hərəkata, bizim işimizə cəlb edilməsi ölkələrimizin və xalqlarımızın hamısının xeyrinə olacaqdır.
Açılış mərasimində digər nümayəndə heyətlərinin rəhbərləri də çıxış etdilər. Sonra Tacikistan Prezidentinə MDB Parlamentlərarası Assambleyası və “Mir” Dövlətlərarası Teleradio Şirkəti tərəfindən təsis edilmiş “Dostluq ağacı” qızıl medalı, “Debütlər Birliyi” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
Fasilədən sonra Forum işini “Elm və təhsil”, “Birlik ölkələrinin gənc nəslinə dəstək”, “Mədəni irs (arxivlər, kitabxanalar, muzeylər)”, “Teatr, kino, musiqi, sirk sənəti” və s. bölmələrdə davam etdirilmişdir.
Elə həmin gün dizayner layihəsinin təqdimatı, sərgilərə baxış keçirilmiş, MDB-nin gənclərdən ibarət simfonik orkestrinin konserti olmuşdur.