MƏDƏNİYYƏT FONDUNDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Mədəniyyət Fondu idarə heyəti sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı konfransı açaraq qurumun nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlar assosiasiyası”nın işindən danışdı. Bildirdi ki, assosiasiyanı yaratmaqdan məqsəd mədəniyyət sahəsində ulduzları bir yerə toplamaq, problemləri ilə tanış olmaq, həyat və yaradıcılıqlarına aid təbliğat xarakterli materiallar dərc etdirməklə onlara mənəvi dəstək vermək idi. Bir qədər keçəndən sonra onların köməyi ilə 1998-ci ildə “Sönməyən ulduzlar” teatrı yaradıldı. Teatr “Vaqif” və “Solğun çiçəklər” tamaşalarını yeni quruluşda uğurla səhnəyə qoydu. Hətta teatrlar arasında keçirilən müsabiqədə “Sönməyən ulduzlar” “Solğun çiçəklər”in səhnə təcəssümünə görə mükafat da aldı. Hazırda teatr Əziz Nesinin “Tənha qadın” və Hüseyn Cavidin “Ana” pyeslərini səhnəyə qoymaq üçün hazırlıq işləri görür.
R.Kaşanlı dedi ki, indi Mədəniyyət Fondu “Sönməyən ulduzlar”ın əhatə dairəsini genişləndirmək haqqında düşünür və mətbuat konfransını da bu məqsədlə keçirir. Biz istəyirik assosiasiyanın üzvləri təkcə mədəniyyət işçilərindən ibarət olmasın. Müxtəlif peşə sahələri üzrə təqaüdə çıxmış “ulduzlar”ı da buraya cəlb edək. Onların qayğıları ilə maraqlanaq, lazım gəldikdə imkan daxilində maddi və mənəvi kömək göstərək, bir sözlə, darıxmağa qoymayaq.
Tədbirdə çıxış edənlər təklifi bəyəndiklərini bildirdilər.
Konfransda jurnalistlərin sullarına cavab verildi.