MƏDƏNİYYƏT
Mədəniyyət müəssisələri “Milli Mətbuat” adlı tədbir təşkil ediblər
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı Ə.Paşayev adına Mədəniyyət evi ilə birgə Milli Mətbuat Gününə həsr edilən “Milli Mətbuat” adlı tədbir və kitab sərgisi təşkil ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra milli mətbuatımızın tarixi və bu günü haqqında söhbət aparılıb. Qeyd edilib ki, Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur: “1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olub. Onun yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 147 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözərək, tutduğu şərəfli yoldan dönməyib. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır", - tədbirdə vurğulanıb.