Məftun Əhmədov: Şagirdə hazır cavabı deyil, düşünmə metodunu öyrədirik VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Riyaziyyat yalnız düsturları əzbərləməkdən deyil, düşünmək, araşdırmaq və düzgün yanaşma qurmaqdan ibarətdir. Şagirdin bu fənnə marağının formalaşmasında isə müəllimin düzgün istiqamətləndirməsi, səbirli yanaşması və davamlı hazırlıq mühüm rol oynayır. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov AZƏRTAC-a müsahibəsində şagirdlərin olimpiadalara hazırlıq metodlarından, çətin məsələlərin həllinə yanaşmasından, təkrarın və sistemli çalışmanın əhəmiyyətindən, eləcə də riyaziyyata marağın necə formalaşdırılmasından danışıb. Onun riyaziyyatı öyrədərkən xüsusi metodu sistemli hazırlıq və təkrar etdirməkdir.
“Respublika fənn olimpiadalarında şagirdlərə hansı tip sualların düşə biləcəyini müəyyənləşdirmək üçün son 15 ilin tapşırıqlarını təhlil edirik. Hər il hansı mövzuların və sual tiplərinin ön plana çıxdığına baxırıq. Olimpiada riyaziyyatı müəyyən istiqamətlərdən ibarətdir və biz də həmin istiqamətlər üzrə məqsədli şəkildə hazırlaşırıq. Məsələn, əvvəlcədən bilirik ki, müəyyən illərdə bərabərsizliklər və digər konkret mövzular üzrə tapşırıqlar ola bilər. Bununla yanaşı, müxtəlif ölkələrin şort-listlərindən, eləcə də beynəlxalq riyaziyyat olimpiadalarının materiallarından istifadə edir, həmin tapşırıqları şagirdlərlə birlikdə həll edirik. Məqsədimiz uşaqların imtahanda qarşılaşa biləcəkləri sual tiplərinə əvvəlcədən hazır olmalarıdır. Burada təkrar çox mühüm rol oynayır. Brüs Linin belə bir fikri var: “Mən 1000 hərəkət bilən insandan qorxmuram, bir hərəkəti 1000 dəfə təkrarlayan insandan qorxuram”. Bu fikir riyaziyyata hazırlıq prosesinə də aiddir. İnsan tanımadığı bir yerə ilk dəfə gedəndə ətrafına diqqətlə baxır. Lakin həmin yoldan 10, 20 dəfə keçdikdən sonra artıq yol ona tanış olur. Riyaziyyatda da eyni prinsip işləyir. Bir mövzunu və ya sual tipini dəfələrlə işlədikcə şagird həmin yanaşmanı daha rahat mənimsəyir. Bu il bizim əsasən 8-ci sinif şagirdlərimiz var idi. Onlar 9-cu sinif şagirdləri ilə eyni müsabiqədə iştirak ediblər. Təbii ki, 9-cu sinif şagirdlərinin müəyyən üstünlüyü var. Onlar daha uzun müddət hazırlaşıblar və medal qazanmaq şansları daha yüksək olub. Buna görə 8-ci sinif şagirdləri daha çox çalışmalıdırlar. Onların belə bir yarışda medal qazanması təsadüfi deyil. Biz onlarla məqsədli və davamlı şəkildə çalışdıq. Ötən il respublika fənn olimpiadasında 7-ci sinif şagirdlərimizlə də uğur əldə etdik. Şamil Abbasov orada gümüş medal qazandı. Bundan əlavə, o, Azərbaycanı beynəlxalq səviyyədə – Junior Balkan Riyaziyyat Olimpiadasında təmsil edərək üçüncü yerə layiq görüldü. Bu cür nəticə əldə etmək asan deyil. Bir tərəfdən Azərbaycan səviyyəsində özündən daha yuxarı sinifdə oxuyan şagirdlərlə rəqabət aparırsan, digər tərəfdən isə beynəlxalq olimpiadada müxtəlif ölkələrdən gələn güclü şagirdlərlə mübarizə aparırsan. Belə bir mühitdə uğur qazanmaq ciddi hazırlıq və zəhmət tələb edir”.
Müəllim vurğulayıb ki, riyaziyyat yalnız düsturları əzbərləməkdən ibarət deyil: “Riyaziyyat, ilk növbədə, düşünməkdir. Şagird düşünməyi, düzgün yanaşmanı və məsələnin həll üsulunu öyrənməlidir. Məncə, əsas məqsəd də uşaqlara hazır düsturları əzbərlətmək yox, düşünməyi öyrətməkdir”.
Müxbir - Tünzalə Arazlı