İdarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması Hesablama Palatasının qarşısında duran əsas istiqamətlərdəndir
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasında qurumun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında həyata keçirilmiş dəyişikliklər və yeni qəbul edilmiş “Dövlət Auditi” informasiya sistemi haqqında” Əsasnamə ilə bağlı geniş iclas keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanunvericilikdə aparılan dəyişikliklərin qurumun fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, hüquqi bazanın daim təkmilləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması və idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması Hesablama Palatasının qarşısında duran əsas istiqamətlərdəndir.
Sədr çıxışında dəyişikliklərin mahiyyəti və onların Hesablama Palatasının fəaliyyətinin müxtəlif istiqamətlərinə təsiri barədə ümumi məlumat verib.
Sonra Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova təqdimatla çıxış edib. Təqdimat zamanı qanunvericilikdə edilmiş dəyişikliklər və yeni qəbul edilmiş “Dövlət Auditi” informasiya sistemi haqqında” Əsasnamə barədə məlumat verilib. Həmçinin dəyişikliklərin praktiki tətbiqi, aidiyyəti struktur bölmələrin fəaliyyətində nəzərə alınmalı məqamlar və normativ tələblərin icrası ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Daha sonra Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə “Dövlət Auditi” informasiya sistemində görülmüş işlər və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. O, təqdimat zamanı sistem üzrə artıq görülmüş işlər, yaradılmış funksional imkanlar və əldə olunan nəticələr barədə məlumat verərək, qarşıdakı mərhələdə sistemin daha da təkmilləşdirilməsi, yeni funksional imkanların yaradılması və audit proseslərinin rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb.
Sonda Hesablama Palatasının sədri tərəfindən dövlət auditinin rəqəmsallaşması və auditdə süni intellektin tətbiqi üzrə işlərin sürətləndirilməsi, yarana biləcək çətinliklərin müəyyən edilməsi və onların həll olunması ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.