SİYASƏT
Meksika-Azərbaycan Parlamentlərarası dostluq qrupu yaradılıb
Vaşinqton, 24 fevral, AZƏRTAC
Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəsmi inauqurasiyası mərasimi keçirilib.
Mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika dostluq qrupunun sədri Aqustin Qarsiya Rubio, qrupun həmsədri Mariya Lusero Saldanya Perez, qrupun digər üzvləri, Meksika Xarici İşlər Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov iştirak ediblər.
Tədbiri açan deputat A.Q.Rubio Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. O, cari ilin 9 fevral tarixində ölkəmizdə keçirilmiş növbədənkənar parlament seçkilərində beynəlxalq müşahidəçi qismində Azərbaycana səfərini xatırladıb, seçkilərin tam demokratik və şəffaf keçdiyini qeyd edib, gənc namizədlərin üstünlük təşkil etməsini və qadın namizədlərin iştirakını müsbət hal kimi qiymətləndirib. Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Həmçinin Azərbaycanda uğurla həyata keçirilən islahatlardan və qlobal miqyaslı iqtisadi layihələrdən söhbət açıb, səfər çərçivəsində bir sıra səmərəli və faydalı görüşlər keçirdiyini vurğulayıb, dostluq qrupunun Meksika ilə Azərbaycan arasındakı mövcud münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Meksikadakı səfiri M.Talıbov çıxış edərək parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Azərbaycanla Meksika arasında diplomatik əlaqələr qurulduğundan bəri əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini vurğulayıb. Səfir, eyni zamanda, Azərbaycan xalqının ən ağrılı yarası olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri, habelə münaqişənin həlli üzrə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğuna görə Meksika hökumətinə təşəkkürünü bildirib. Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasının iki ölkə arasında mövcud olan siyasi, mədəni, enerji, kənd təsərrüfatı və s. kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edərək, bu xüsusda 2017-ci ildə imzalanmış və cari ilin 22 fevral tarixində qüvvəyə minmiş Azərbaycan və Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair Sazişin dost ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün hüquqi əsas yaradacağını bildirib.
Qrupun digər üzvləri də çıxış edərək coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildiriblər.
Tədbirin sonunda Meksika-Azərbaycan dostluq qrupunun inauqurasiyasına dair protokol aktı imzalanıb.
Tədbirdən sonra qrupun sədri A.Q.Rubio, səfir M.Talıbov və qrupun digər üzvləri deputatlar palatasının plenar iclasında iştirak ediblər.
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton