Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri haqda danışılıb
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu “ABC” radiosuna ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma işləri haqqında müsahibə verib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycanın qədim dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, bu müddət ərzində ölkəmizin regionun həm iqtisadi-sosial, həm də siyasi liderinə çevrilməsi, neft-qaz strategiyası, sosial-iqtisadi uğurları haqda məlumat verilib.
Sonra erməni təcavüzünün tarixi, 44 günlük Vətən müharibəsində ölkəmizin tarixi Qələbəsi, işğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar, ekoloji terror halları və kütləvi minalama haqqında danışılıb, habelə bu ərazilərin yenidən qurulması istiqamətində ötən zaman ərzində Azərbaycan tərəfindən görülmüş işlərdən bəhs edilib.
Regionda davamlı sülhün əldə edilməsinin şərtlərinə dair aparıcının sualına münasibətdə diplomat Azərbaycanın daima regionda birgəyaşayışın və sülhün tərəfdarı olduğunu, bunun üçün isə Ermənistan rəhbərliyinin təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli və öz xalqını sülhə hazırlamalı olduğunu qeyd edib.
Həmçinin işğaldan azad edilmiş və ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi ilə əlaqədar bu ilin ölkəmizdə “Şuşa İli” kimi qeyd olunduğu bildirilib. Şuşa şəhərində keçirilən mədəni tədbir və festivallar barədə məlumat verilib.
Proqramda bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu, bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyi diqqətə çatdırılıb.