Meksika radiosunda Azərbaycana dair veriliş yayımlanıb
Vaşinqton, 6 mart, AZƏRTAC
Meksikanın ən populyar radio kanallarından olan “MVS Noticias”da Azərbaycana dair veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov canlı efirdə tanınmış meksikalı jurnalist Viktor Sançez Banyosun qonağı olub.
Aparıcının Azərbaycana dair suallarını cavablandıran Məmməd Talıbov xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması, bütün vətəndaşlarına bərabər hüquqlar verməsi, bu gün respublikamızın müstəqil dövlət kimi inkişafı, respublikamızda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşaması, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi, turizm imkanları və digər mövzular barədə dinləyicilərə məlumat verib. O, həmçinin Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri və güclü iqtisadi potensialı ilə Cənubi Qafqazın lideri olduğunu, ölkəmizin iqtisadiyyatında enerji sektoru ilə yanaşı, son illərdə qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini, respublikamızda genişmiqyaslı islahatların aparıldığını, müsbət nəticələrin bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, o cümlədən Dünya Bankının “Doing Business-2019” hesabatında əks olunduğunu bildirib.
Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələrindən söz açan diplomat Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələr barədə məlumat verib, ölkəmizin həm regional məsələlərdə, həm də qlobal enerji bazarında mühüm iştirakçıya çevrildiyini bildirib. Asiya ilə Avropa arasında ən qısa marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, habelə ölkəmizdə yaradılan müasir yol və hava nəqliyyatı infrastrukturu barədə söhbət açıb.
Azərbaycan ilə Meksika arasında siyasi, mədəni, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün çoxsaylı imkanların mövcudluğunu qeyd edən səfir 2017-ci ildə imzalanmış və bu il fevralın 22-də qüvvəyə minən “Azərbaycan və Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair Saziş”in dost ölkələrimizin əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hüquqi əsas yaradacağını bildirib.
Qeyd edək ki, “MVS Noticias” Meksikada ən çox dinləyici kütləsinə malik radio kanallarından biridir.
AZƏRTAC-ın Vaşinqton bürosu