Məktəb-Lisey Kompleksində 20 Yanvar şəhidləri yad edilib
Bakı, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksində anma mərasimi keçirilib.
Məktəbdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin 20 Yanvar faciəsinə həsr olunan rəsmlərindən ibarət sərgiyə baxıblar.
Çıxış edənlər 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri, ağır mənəvi, psixoloji və sosial nəticələri barədə danışıblar. Qeyd edilib ki, qanlı hadisənin ertəsi günü xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edib və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Sonra şagirdlərin ifasında 20 Yanvar faciəsinə və şəhidlərinə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.