Məktəbi döyüş meydanına dəyişərək şəhidlik zirvəsinə ucalan müəllim
Ağdam, 15 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsində peşəsindən asılı olmayaraq hər kəs düşmənə qarşı bir yumruq kimi birləşdi. Bu savaşda qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələn müəllimlər də oldu. Məktəbi döyüş meydanına dəyişərək şəhid olan müəllimlərimizdən biri də Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəliyev Vüqar Emin oğludur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrətli Muzeyində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vəliyev Vüqar Emin oğlunun anım tədbiri keçirilib. Ağdam rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivi ilə birgə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Vüqar Vəliyevin təhsil aldığı Rzalar kənd tam orta məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzey əməkdaşları tərəfindən hazırlanmış şəhidin həyatından bəhs edən videoslayd göstərilib.
Döyüş Şöhrətli Muzeyin direktoru Sahib Məmmədov tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Bildirib ki, şəhidlərimizin şərəfli ömür yolu gələcək nəsillər üçün hər zaman örnək olacaq. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı qələbədən, Vüqar Vəliyevin həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açıblar.
Məlumat verilib ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin anası Gülzadə Vəliyeva və əmisi Əfəndi Vəliyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirib, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
Tədbirdə şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Rahib Məmmədov adına Döyüş Şöhrətli Muzeyinin kollektivi adından şəhid anasına təşəkkürnamə, şagirdlərə fəxri fərmanlar verilib.
Sonda bir qrup Vətən müharibəsi şəhidlərinin medalları onların ailə üzvlərinə təqdim olunub.