Məmməd Araz Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan söz ustasıdır
Şahbuz, 15 oktyabr, AZƏRTAC
Xalq şairi Məmməd Araz çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan söz ustasıdır. Dahi şairin yaradıcılığı bütün dövrlərdə aktualdır. Gələcək nəsillərə nümunə olan şairin ölməz irsi öz əhəmiyyətini heç vaxt itirməyəcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Xalq şairi Məmməd Arazın muxtar respublikanın Şahbuz rayonunun Nursu kəndində yerləşən ev-muzeyində dahi şairin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib. Görkəmli sənətkarımızın xatirəsi əbədiləşdirilib, yubileyləri keçirilir. Ölkəmizdə olduğu kimi, muxtar respublikada da böyük şairin şəxsiyyətinə və sənətinə daim ehtiram göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli Sərəncamı yaradıcı ziyalılarımız, xalqımız tərəfindən dərin minnətdarlıqla qarşılanıb, görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi və təbliği işinə mühüm töhfələr verib. Bu gün Şahbuza yolu düşənlər şairin doğulub boya-başa çatdığı Nursu kəndindəki ev-muzeyini ziyarət edirlər.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev “Məmməd Araz yaradıcılığına və sənətinə dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin dosenti Seyfəddin Eyvazov “Məmməd Araz qafiyəsinin semantik tutumu”, AMEA Naxçıvan Bölməsinin şöbə müdirləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Məmməd Araz yaradıcılığında Araz: milli tale, istiqlaliyyət məsələsi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Məmməd Araz irsində milli-mənəvi dəyərlər”, bölmənin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Görkəmli şairin şeirlərində xalq yaradıcılığı” mövzularında çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, Xalq şairi Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında, layiqli vətəndaşdır.
Daha sonra şairin yaxın qohumlarından biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov və Nursu kənd tam orta məktəbinin müəllimi Elvin İbrahimov şairlə bağlı xatirələrini bölüşüb.
Bədii hissədə Nursu kənd tam orta məktəbi şagirdlərinin ifasında şairin şeirləri qiraət olunub, Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin sazçalanlar ansamblı tərəfindən şairin şeirlərinə yazılmış mahnılar ifa olunub.
Sonda muzeyin ekspozisiyasına baxış olub.