Mərkəzi Nəbatat Bağının əməkdaşları Azərbaycan Beynəlxalq Məktəbində olublar
Bakı, 8 iyun, AZƏRTAC
Mərkəzi Nəbatat Bağının biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev və Bağın baş aqronomu İlkin Şəfiyev Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) olublar. Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərməklə onlara yaşıllıqların salınması işində kömək etməkdən ibarət olub.
Azərbaycan Beynəlxalq Məktəbinin müəllimi Aleks Conson bağın əməkdaşları ilə görüşərək onlara məktəb haqqında məlumat verib və məktəbin ərazisi ilə tanış edib. Görüş zamanı məktəbin ərazisi nəzərdən keçirilib, uşaqlar üçün yeni yaradılacaq bağların yerləri və dizaynı müəyyən edilib.
Görüşdə Azərbaycan Beynəlxalq Məktəbi ilə Mərkəzi Nəbatat Bağı arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.