MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ
M.Pənahov bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası 1999-cu ildən AŞ AYRHK ilə əməkdaşlıq edir və qurumun təmsilçiləri ilə bugünkü görüşdən məmnunluq duyur.
Təkrar bələdiyyə seçkilərinin keçirilmə vaxtının yubanma səbəbləri və oktyabrın 6-da seçki keçiriləcək bələdiyyələrin sayı barədə qonağın suallarını cavablandıran M.Pənahov demişdir ki, 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərində 141 bələdiyyədə seçkilərin nəticələri etibarsız hesab edilmiş, 2005-ci ildə Milli Məclisə seçkilər keçirildiyi üçün bələdiyyələrə təkrar seçkilərin keçirilməsi mümkünsüz olmuşdur. 2006-cı ilin əvvəlindən isə Milli Məclisə təkrar seçkilərə hazırlıq işləri aparılmış və may ayının 13-də təkrar parlament seçkiləri keçirilmişdir. Komissiya sədri seçki keçiriləcək bələdiyyələrin sayı barədə də qonaqlara məlumat vermişdir.
AŞ AYRHK-nın sədri oktyabrın 6-na təyin edilmiş seçkilərdə müşahidəçilik etmək arzusunda olduqlarını bildirmiş və MSK sədrindən xahiş etmişdir ki, onlara Seçki Məcəlləsində bələdiyyələrə seçkilərə hazırlıqla bağlı əsas prinsiplər və bu seçkilərə hazırlıqla əlaqədar görülən işlər haqqında məlumat versin. Qonaq bələdiyyələrə seçkilərdə əhalinin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi işinin vacib olduğunu da diqqətə çatdırmışdır.
H.Skardın suallarını ətraflı cavablandıran M.Pənahov əhalinin maarifləndirilməsi istiqamətində ciddi iş aparıldığını və bunun üçün xüsusi maarifləndirmə proqramının hazırlandığını söyləmişdir. Qeyd etmişdir ki, bu proqramın həyata keçirilməsi üçün AzTV-nin və İctimai Televiziyanın, o cümlədən özəl telekanalların imkanlarından istifadə olunur. Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsindən ötrü seminarlar və məşğələlər keçirilməsi nəzərdə tutulmuşdur.