MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Komissiyanın sədri əvvəlcə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə məsələni müzakirəyə çıxarmışdır. MSK sədri demişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələbinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə yoxlamalı, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Səsvermə günündən etibarən qanunla müəyyən edilmiş müddət ərzində Mərkəzi Seçki Komissiyasına 538 müraciət daxil olmuş, bu müraciətlər Seçki Məcəlləsinin və MSK-nın Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında təsdiqlədiyi “Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında müraciətlərə baxılması qaydalarına dair Təlimat”ın tələblərinə uyğun şəkildə baxılmışdır. Ümumilikdə 460 seçki məntəqəsi üzrə seçkilərin nəticələri etibarsız hesab olunmuşdur. MSK 4 seçki dairəsi üzrə seçkiləri etibarsız hesab etmişdir. 2 seçki dairəsində bəzi seçki məntəqələri üzrə nəticələrin etibarsız hesab edilməsi həmin seçki dairələri üzrə seçkilərin yekunlarına da təsir göstərmiş və deputat seçilmiş hesab olunan şəxslər dəyişmişdir. Artıq MSK-ya təqdim olunmuş bütün müraciətlərin araşdırılması və dairə seçki komissiyalarının protokollarının yoxlanılması başa çatmışdır və yuxarıda qeyd olunan sənədlərin bu gün Konstitusiya Məhkəməsinə göndərilməsi mümkündür.
Sonra çıxış edən Mərkəzi Seçki Komissiyası üzvlərinin böyük əksəriyyəti Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun şəkildə keçirildiyini və bəzi qüsurlar istisna olmaqla, seçkilərin nəticələrinin ümumilikdə qənaətbəxş olduğunu söyləmişlər. Komissiya üzvləri bu fikrin bir çox nüfuzlu beynəlxalq müşahidəçilər tərəfindən də vurğulandığını bildirmişlər.
Mərkəzi Seçki Komissiyasının sədri də həmin Komissiya üzvlərinin fikirlərinə şərik çıxaraq demişdir ki, seçkilərin normal keçirilməsində dövlət başçısının müstəsna rolu olmuşdur. Azərbaycan Prezidenti 11 may və 25 oktyabr tarixli Sərəncamları, habelə dövlət əhəmiyyətli bir çox addımları ilə Milli Məclisə seçkilərin şəffaf, demokratik və qanunauyğun keçirilməsi üçün lazımi şərait yaratmışdır. M.Pənahov bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. Sədr bu işdə bir sıra dövlət qurumlarının da MSK-ya yardım etdiyini söyləmişdir. Daha sonra o, seçkiləri işıqlandırdıqlarına görə kütləvi informasiya vasitələrinin nümayəndələrinə və seçki prosesində yardımçı olmuş dövlət qurumlarına da minnətdarlıq etmişdir.
Sonra gündəlikdəki məsələ səs qoyulmuşdur. 11 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla Milli Məclisə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə olunan sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.