Məşhur politoloq Brenda Şeffer Vaşinqtonu ABŞ-ın müttəfiqlərinə münasibətdə xarici siyasəti dəyişməyə çağırmışdır
Vaşinqton, 5 noyabr (AZƏRTAC). “Reuters” xəbər agentliyinin saytında Corctaun universitetinin professoru, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert doktor Brenda Şefferin “ABŞ-ın Yaxın Şərq siyasəti - dostlarımızı necə qoruyub saxlamalıyıq” sərlövhəli məqaləsi dərc edilmişdir.
B.Şeffer yazır ki, Vaşinqton ABŞ-ın Yaxın Şərq barədə siyasətinin parametrlərini dəyişməlidir. Ekspert vurğulayır: “Bu, insan hüquqları və təhlükəsizlik məsələləri arasında seçim deyil, birlikdə nail olunmalı iki hədəfdir”.
Doktor Şeffer qeyd edir ki, ABŞ insan hüquqlarını və demokratiyanı dəstəkləmək naminə Yaxın Şərqdə özünün çoxdankı müttəfiqlərini itirməməlidir. Əslində əgər ABŞ-ın bu müttəfiqləri Vaşinqtonun onlar üçün yaxın tərəfdaşa çevrilməsini hiss etsələr, onlar siyasi islahatlar keçirməyə hazır olacaqlar. Məqalə müəllifinin sözlərinə görə, Vaşinqtonun siyasətində tərəddüdlərin səbəbi demokratiya və insan hüquqlarının dəstəklənməsi ilə regionda ABŞ-ın müttəfiqlərinin hakimiyyətinin qorunub saxlanması arasında dilemma ilə bağlıdır. Lakin bu məsələləri bir-birinə qarşı qoymaq düzgün deyil. Adətən ABŞ-ın dəstəyi dayandırıldıqdan sonra qurulan qeyri-sabit dövlətlərdə insan hüquqları təhlükəyə məruz qalır. Buna görə də ekspertin fikrincə, əgər ABŞ həmin münaqişələrin nə ilə nəticələnəcəyinə əmin deyildirsə, Vaşinqton onlara müdaxilə etməməlidir.
Aşkardır ki, bəzən ölkəni düzgün idarə edə biləcək siyasi qüvvə olmur. Buna nümunə kimi Suriyanı göstərmək olar. Mövcud rejimin alternativi olmadığı şəraitdə həmin rejimin devrilməsinə töhfə vermiş Vaşinqton bununla uğursuz bir dövlət yaradılmasına kömək edir. İkincisi, B.Şeffer qeyd edir ki, hakimiyyətə qarşı koalisiya demokratik yönümlü hərəkat mövcud olmasını nəzərdə tutmur. Bu, “pis uşaqlar” ilə “ən pis uşaqlar” arasında mübarizə ola bilər. ABŞ əvvəlcə Suriyada qiyamçıları dəstəkləmiş və yalnız bundan sonra həmin qrupların islamçı ekstremistlərlə əlaqədar olmasından xəbər tutmuşdur.
Doktor Şeffer daha sonra yazır ki, Vaşinqton azadlıqları və təhlükəsizliyi tam şəkildə nəzərdən keçirməli və qiymətləndirməli, bu və ya digər regionda siyasi ssenarilərə təsir göstərilməsində xarici qüvvələrin rolunu nəzərə almalıdır. ABŞ insan hüquqlarının dəstəklənməsi siyasətində təkcə dini etiqad azadlığını deyil, həm də bu ölkələrin vətəndaşlarına sekulyarist azadlıq verən “dindən azadlıq” məsələsini dəstəkləməlidir. Ümumtəhsil məktəblərində hicab və digər dini rəmzlərin qadağan edilməsinə görə Azərbaycan kimi ölkələri tənqid edən ABŞ-ın bu mövqeyi düzgün deyildir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton