MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA TƏBRİK
Sizi, Azərbaycanın bütün xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır. Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük halları mövcud olmamışdır.
Müstəqil Azərbaycan Respublikası bu gün də öz mütərəqqi ənənələrinə sadiqdir. Azərbaycan xalqına xas olan yüksək insanpərvərlik, cəmiyyətimizdə hökm sürən milli-dini dözümlülük mühiti, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi, etnik azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimad ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıtmışdır. Biz haqlı olaraq bununla fəxr edir və sizi əmin etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təminatı bundan sonra da dövlətin daim diqqət mərkəzində olacaqdır.
Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan pravoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir. Əminəm ki, ölkəmizin tərəqqisi və inkişafı naminə vətəndaşlıq borcunuzu bundan sonra da layiqincə yerinə yetirəcəksiniz.
Hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən Milad bayramı yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət bayramıdır. Qoy bu əziz gün ailələrinizə xoşbəxtlik, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
6 yanvar 2007-ci il