Milli Azərbaycan Ədəbiyyatı Muzeyində məktəblilərlə onlayn görüş təşkil olunub
Bakı, 8 iyun, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ağabəy Novruzbəyli adına 46 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə onlayn görüş keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan görüşdə məktəblilər Nizami “Xəmsə”sindən müxtəlif bədii kompozisiyalarla çıxış ediblər.
Ədəbiyyat Muzeyinin Ekspozisiyanın qorunması və audiomüşayiətin təmini şöbəsinin elmi işçisi İnarə Səfiyeva dahi şairə həsr olunan ekspozisiya zalından birbaşa ekskursiya apararaq Nizami dövründən, irsindən müxtəlif eksponatlar əsasında söhbət açıb.
Onlayn ekskursiya müəllim və məktəblilərin sualları, çıxışları ilə davam edib.