MİLLİ BANKIN RƏHBƏRLİYİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Tədbirin əvvəlində Elman Rüstəmov Milli Bankın həyata keçirdiyi siyasət haqqında danışaraq, son illər xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların bu gün də yüksək fayda verdiyini və Prezident İlham Əliyevin bu xəttə sadiqliyini nümayiş etdirdiyini vurğuladı. O, aparılan islahatlar nəticəsində ölkədə yüksək iqtisadi artıma nail olunduğunu bildirdi. Elman Rüstəmov bu sahədə özəl sektorun mühüm rol oynadığını və ölkənin ümumi daxili məhsulunun yarıdan çoxunu məhz bu sektorun istehsal etdiyini dedi.
Azərbayacandakı münbit sərmayə mühitindən danışan Milli Bankın rəhbəri əsas kapitala yönələn maliyyə axınının 62 faiz artdığını diqqətə çatdırdı. Bu isə ÜDM-nin bir manatına təxminən iki manat sərmayənin düşməsi və bununla da qarşıdakı onillikdə iqtisadi artımın bünövrəsinin məhz bu gün qoyulduğunu bildirdi. Sosial sahəyə toxunan bank rəhbəri əmək haqlarının və pensiyaların ödənilməsində heç bir ləngitmələrin olmadığını da söylədi.
İnflyasiya proseslərinə toxunan natiq dedi ki, müstəqilliyimizin ilk illərində bu göstərici ayda 50 faiz təşkil edirdi. 1995-ci ildən aparılan sabitləşmə siyasəti nəticəsində beynəlxalq standartlara uyğun olaraq bu göstərici ilin sonunadək 2-2,5 faiz təşkil edəcəkdir. Elman Rüstəmov Azərbaycanda, hətta 5-6 faizlik inflyasiyanın da təhlükə doğurmayacadığını diqqətə çatdırdı.
Kredit siyasətində müsbət nəticələrin əldə olunduğunu deyən Elman Rüstəmov ölkədə kredit qoyuluşlarının 28,5 faiz, uzunmüddətli kreditlərin 42 faiz, qısamüddətli kreditlərin 24 faiz artdığını bildirmişdir.
Azərbaycanın valyuta ehtiyatlarının xeyli artdığı da vurğulandı. Belə ki, cari ilin əvvəlində bu göstəricinin 757 milyon ABŞ dolları olduğu halda ilk 6 ayın təxmini hesablamalarına görə, bu rəqəm 808 milyon dollara çatmışdır.
Bu ilin əvvəlindən ölkənin valyuta ehtiyatlarının idarə edilməsinin səmərəliliyi 1,4 faiz olmuşdur.
Valyuta ehtiyatları struktruna toxunan Elman Rüstəmov 1998-ci ildə ölkənin valyuta ehtiyatlarının 29 faizinin öz ehtiyatımız olduğu halda, bunun qalan hissəsinin Beynəlxalq Valyuta Fonduna məxsus olduğunu diqqətə çatdırdı. Bu ilin birinci yarısına olan göstəricilərə əsasən Azərbaycan Respublikasnın valyuta ehtiyatlarının xüsusi çəkisinin təxminən 72-73 faizinin özününkü olduğu bildirildi. Bu isə Azərbaycan maliyyəsi və iqtisadiyyatının yaxın gələcəkdə daha sərbəst addımlar atacağına zəmin yaradır.
Sonda Elman Rüstəmov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.