MİLLİ MƏCLİS SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Milli Məclisin aprelin 8-də keçirilən iclasında Seçki Məcəlləsi layihəsinin 6-cı bölməsinə dair müzakirələr getmişdir. Bu bölmədə, əsasən, prezident seçkilərinin keçirilmə qaydaları müəyyən olunur.
Deputatların irad və təkliflərindən sonra Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bəzi məsələlərə aydınlıq gətirdi. O dedi ki, məcəllədə seçki depozitlərinin müəyyən edilməsi namizədlərin qeydiyyatı üçün süni maneələr yarada bilməz. Çünki bunların ödənilməsi mütləq şərt deyildir. Namizədlər könüllü olaraq depozit ödəyirlər. Əslində, bu cür mexanizm namizədin qeydə alınmasının asanlaşdırılmasına yönəldilmişdir. Namizəd kifayət qədər imza toplamalı və bunların düzgünlüyünə əmin olmalıdır, ya da MSK-ya depozit ödəməlidir Namizədin seçki fonduna dövlətin vəsait ayırması isə düzgün olmazdı. Ona görə ki, hər il Milli Məclisdə dövlət büdcəsi təsdiq edilir. Əgər həmin il seçkilər nəzərdə tutulubsa, seçkilərə ayrılan vəsait müəyyən edilir və onun bir hissəsi MSK tərəfindən namizədlərin seçki fondlarına ayrılır. MSK isə namizədlərin sayına müvafiq olaraq payları müəyyən etməlidir.
Ş.Əliyev bildirdi ki, seçki məntəqələrinin 10 faizində səsvermə baş tutmadığı halda seçkilərin baş tutmamış hesab edilməsi barədə təklif də qəbul oluna bilməz. Ona görə ki, qalan 90 faizin, yəni çoxluğun siyasi iradəsi nəzərə alınmalıdır. Layihədə həmin hədd 40 faiz nəzərdə tutulmuşdur.
Namizədlərin seçki fondlarına ayrılan vəsaitlərinin qaytarılması mexanizmi də işlənmişdir. 5 faizdən az səs toplayan namizədlər və heç bir məcburi hallar olmadıqda namizədliklərini geri götürən namizədlər həmin vəsaiti geri qaytarmalıdırlar. 5 faizdən çox səs toplayan və məcburən namizədliyini geri götürənlər (qeydə alınmış namizədin öz namizədliyini məcburən geri götürməsi dedikdə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya seçki kompaniyasında istirakı mümkün hesab olunmayan şəxslər nəzərdə tutulur) isə seçki kampaniyası zamanı vəsaitin xərclənməyən hissəsini MSK-nın büdcəsinə qaytarmalıdırlar.
Seçkilərin bazar günü keçirilməsi vətəndaşlara Konstitusiya ilə verilmiş istirahət hüququnu pozduğu üçün layihənin ümumi hissəsində nəzərdə tutulub ki, səsvermə çərşənbə günü keçirilsin və iş günü hesab edilsin. Prezidentliyə namizədin toxunulmazlığı MSK-nın müəyyən etdiyi qaydada təmin olunur. Layihədə seçkilərin keçirilməsi üçün kvorum nəzərdə tutulmur, ona görə ki, seçkilərdə iştirak könüllüdür. Dövlət vətəndaşları seçkilərə məcbur edə bilməz.
Müzakirələr gələn iclaslarda davam etdiriləcəkdir.