MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri, Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov ölkələrimiz arasındakı mehriban dostluq münasibətlərinin tarixindən danışmış, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır. Parlamentarilərimiz qarşılıqlı səfərlər etməklə, münasibətlərimizi daha da genişləndirməli, möhkəmləndirməlidir.
E.İbrahimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyə görə Pakistan dövlətinə və xalqına minnətdarlığını, yardımın bundan sonra da davam edəcəyinə ьmidvar olduğunu bildirmişdir.
Səfir Məhəmməd Hafiz demişdir ki, ölkələrimiz arasındakı mehriban dostluq və qardaşlıq əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının rolu, həqiqətən, misilsizdir. Onların qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafını təmin etmişdir. Pakistan qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etməsində maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır. Pakistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də dəyişməyib və dəyişməyəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.