MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin ilə görüşmüşdür.
Parlamentin sədri O.Əsədov bildirmişdir ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə sürətlə inkişaf etməkdədir. Əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarımızın siyasi iradələri və səmərəli görüşləri mühüm rol oynamış, bu dostluğu möhkəm təməllər üzərində əbədi etmişdir.
Siyasi, iqtisadi, mədəni əlaqələrimiz, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız digər dövlətlərə də nümunə ola bilər. Biz ölkələrimizin ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafını da təqdir edir, bu sahədə təcrübə mübadiləsini yüksək dəyərləndiririk.
Milli Məclisin sədri ölkələrimizin strateji tərəfdaş olduqlarının sözdə yox, əməldə də sübuta yetirildiyini vurğulamışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bunun bariz nümunəsidir. Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına 2 milyarddan çox ABŞ dolları məbləğində sərmayə yatırmışlar. Cari ilin 6 ayında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olmuşdur.
Dövlətlərarası münasibətlər sistemində parlamentlərin böyük rolunu qeyd edən Oqtay Əsədov bildirmişdir ki, yüksək səviyyəli parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri münasibətlərimizin inkişafında önəmli rol oynayır. Təqdirəlayiq haldır ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
Görüşdə sədr Azərbaycan parlamentinin 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə Türkiyə nümayəndə heyətinin iştirakını yüksək dəyərləndirmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Mehmet Əli Şahin Türkiyənin Azərbaycanla əməkdaşlığının daha da dərinləşməsinə böyük önəm verdiyini xüsusi vurğulamışdır. Türkiyəli millət vəkillərinin və dövlət adamlarının bu məsələyə çox həssas yanaşdıqları qeyd edilmişdir. Sonra qonaq ölkəmizə səfərinin məqsədini açıqlayaraq, Azərbaycanın Ədliyyə Nazirliyi ilə iş birliyindən söz açmışdır. Qonaq demişdir ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da digər dövlətlər üçün nümunə olacaqdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.