Milli Məclisin növbəti plenar iclası keçirilib
Bakı, 15 may, Xalid Məmmədov, AZƏRTAC
Mayın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
İclasda “Reklam haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci və ikinci oxunuş zamanı deputatların təklifləri nəzərə alınıb. Bu qanun Azərbaycanda reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam sahəsində fəaliyyət göstərən subyektlərin özünütənzimləmə sahəsində hüquq və vəzifələrini müəyyən edir. Dörd fəsil, 39 maddədən ibarət qanun Azərbaycan ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. Qanun layihəsində Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, layihədə “sosial reklam” anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Qanun layihəsində sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib. Layihədə bir sıra qadağalar da nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranan kapital çatışmazlığının aradan qaldırılması mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə görə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir. Mövcud qanunvericilikdə “Mərkəzi Bankın kapitalının onun nizamnamə və kapital ehtiyatlarından formalaşdırılması tələbi irəli sürülür və kapital ehtiyatlarının normativi tədavüldə olan pul kütləsinin 15 faizi miqdarında müəyyən edilir” müddəası var. Təqdim olunan dəyişikliklərdə bu normativ ləğv olunur və Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən edilir və hesabat ilinin mənfəətindən formalaşdırılır. 13.2-ci maddəyə əlavə edilib ki, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.
İclasda “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılıb. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Qanuna yeni 49-1-ci maddə əlavə edilib. Bu, hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası ilə bağlıdır. Maddəyə görə, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Maddədə o da bildirilir ki, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasını), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır.
Daha sonra “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, bu qanun layihəsinin ikinci oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci oxunuş zamanı deputatların təklifləri nəzərə alınıb. Qeyd edilib ki, bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. On yeddi maddədən ibarət layihədə vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müraciətlərə baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydası və digər məsələlər əksini tapır. Hər bir maddədə vətəndaşların konstitusion hüquqlarının qorunması tələb olunur. Burada vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirən 10-dan çox müraciət forması var. Layihədə qeyd olunur ki, bu qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
İclasda “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsi Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına, bu bazarın iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəldilib. Layihə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına mühüm töhfə verəcək.
Deputatlar “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxıblar. Bildirilib ki, bu layihə “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar olaraq Milli Məclisin müzakirəsinə təqdim olunub.
Bütün qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.