Milli Məsləhətləşmələrin ikinci mərhələsinin növbəti müzakirələri Qubada olmuşdur
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycanda keçirilən 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Məsləhətləşmələrinin ikinci mərhələsinin növbəti müzakirələri Qubada baş tutmuşdur.
AZƏRTAC xəbər verir ki, “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: gənclər” adı altında keçirilən məsləhətləşmələrdə QHT-lər, gənclər təşkilatları, hökumət qurumları, media nümayəndələri və fəal gənclər iştirak etmişlər.
Bu məsləhətləşmələrin əsas məqsədi qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və təkliflər almaqdır.
BMT-nin İnkişaf Proqramının, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Gənclər və İdman Nazirliyinin və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşmüş və təkliflərlə çıxış etmişlər. Bütün təkliflər dinlənilmiş və qeydə alınmışdır.
Milli Məsləhətləşmələrin ikinci mərhələsinin ilk müzakirələri Gəncədə keçirilmişdir. Gəncədə keçirilən müzakirələrdə fəal iştirak edən gənclər tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa bu kimi məsələlərə toxunulmuşdur. Müzakirələr zamanı gənclər yalnız görmək istədikləri dəyişikliklər haqqında fikirlər səsləndirməklə kifayətlənməmiş, eyni zamanda, onların icra mexanizmlərini təklif etmişlər.
Müzakirələr zamanı toplanmış təkliflər Milli Məsləhətləşmələr üzrə yekun hesabata daxil olunacaq və müvafiq qurumlar arasında yayılacaqdır. Bundan əlavə, məsləhətləşmələrin nəticələri Birləşmiş Millətlər Təşkilatı baş katibinin hesabatına salınaraq BMT-nin 2015-ci ildən sonrakı İnkişaf Gündəliyini formalaşdıracaqdır.