SİYASƏT
Milli Qurtuluş Günü Azərbaycanın Batumidəki baş konsulluğunda qeyd olunub
Tbilisi, 15 iyun, AZƏRTAC
Azərbaycanın Batumidəki baş konsulluğunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov bayram münasibətilə Batumi Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələrinin müəllim və tələbələri ilə görüşüb.
Baş konsul onlara Milli Qurtuluş Gününün əhəmiyyəti, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki parlaq ictimai-siyasi fəaliyyəti barədə məlumat verib.
Ulu Öndərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafındakı xidmətlərindən danışan diplomat deyib ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı 1994-cü ildə Heydər Əliyevin Gürcüstana tarixi səfəri ilə başlayıb. Böyük tarixi əhəmiyyətə malik olan bu səfər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına təkan verib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi