SİYASƏT
Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan qələbəyə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, o vaxt Azərbaycan xalqı təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb edib. 1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Həmin vaxt xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtdı və Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən çıxardı.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ötən əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın müstəqilliyinin ilk aylarında Naxçıvan Muxtar Respublikasındakı ağır ictimai-siyasi vəziyyətdən, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtmasından və YAP-ın yaradılmasından sonra vəziyyətin yaxşılığa doğru necə dəyişməsindən bəhs edib. O vurğulayıb ki, ölkədə sabitliyin və əmin-amanlığın yaranmasında, Azərbaycan xalqının səfərbər olmasında YAP-ın xüsusi rolu olub.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov və başqaları çıxış edərək məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini söyləyiblər. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitliyin təmin olunduğu, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirildiyi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların qarşısının alındığı vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib. Bu tarixi gün müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.