SİYASƏT
Milli Qurtuluş Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
Bakı, 14 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə nəzər salaraq dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, son illərdə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, gərgin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxa bildi. Bununla da 15 iyun günü tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən Bəxtiyar Əsgərov Ulu Öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. O, bu gün Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.
Böyük Heydər Əliyevin tarixi qayıdışı və milli dövlətçiliyimizin xilası zamanı baş vermiş proseslərdən danışan daimi nümayəndəliyin rəhbəri Prezident İlham Əliyevlə birgə bu günə qədərki milli dövlət və inkişaf strategiyasının həyata keçirilməsində əsl vətəndaş, Azərbaycanın dövlət xadimi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai–siyasi xadim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xidmətlərini də qeyd edib, Naxçıvan Muxtar Respublikasının ötən 20 ilinin böyük uğurlarından söhbət açıb.