MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASININ İLK BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
Akademiyanın həyətindəki geniş meydançada kursantlar və onların valideynləri, qonaqlar toplaşmışdılar.
Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə Milli Təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudova raport vermişdir.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov və digər rəsmi şəxslər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra nazir Eldar Mahmudov tribunadan akademiyanın zabit, gizir, çavuş və kursantlarını salamlamış, ilk məzunları təbrik etmişdir.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycanın dövlət himni əzəmətlə səslənmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı meydana gətirilmişdir.
Buraxılış mərasimini milli təhlükəsizlik naziri Eldar Mahmudov açaraq demişdir ki, bu gün 4 illik təhsilini uğurla başa vurmuş onlarla gənc sərhədçi zabit yaxın vaxtlarda vətənin hamımız üçün müqəddəs sayılan sərhədlərinin müdafiəsinə başlayacaqdır. Ölkənin xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrları yetişdirən bu təhsil ocağının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən 1998-ci ildən qoyulmuşdur.
Akademiyanın qarşısında duran mühüm vəzifələrdən danışan Eldar Mahmudov bildirmişdir ki, burada nazirliyin və Dövlət Sərhəd Xidmətinin gələcək əməkdaşları yüksək bilik səviyyəsi əldə edir, onlara şəxsi və fiziki keyfiyyətlərlə yanaşı, müasir texniki vasitələrlə işləmək bacarığı aşılanır. Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Akademiyada olarkən görülmüş işləri yüksək qiymətləndirmiş və bir sıra tövsiyə və tapşırıqlar vermişdir.
Burada qısa müddət ərzində böyük təmir işləri aparılmış, yeni avadanlıq quraşdırılmış, maddi-texniki baza gücləndirilmiş, akademiyada təlim-tədris işinin təşkili dünya standartları səviyyəsinə çatdırılmışdır.
Nazir Eldar Mahmudov akademiyanın müəllim və zabit heyətinin, eləcə də kursantların Ali baş komandanın əmrini daim yerinə yetirməyə və istənilən anda torpaqlarımızın azad edilməsi üçün döyüşə hazır olduqlarına əminliyini bəyan etmişdir.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış etmiş, Prezident, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət sərhədlərinin qorunması, sərhəd zastavalarının maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərdən, sərhədçilərə göstərilən yüksək diqqət və qayğıdan danışmış, peşəkar sərhədçi kadrların hazırlanması işinin təşkilindəki xidmətlərinə görə Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Akademiyanın rəisi Ziya Yusifzadə məktəbin məzunlarının ilk buraxılışına həsr olunmuş mərasimi Heydər Əliyev ideyalarının təntənəsi və parlaq qələbəsi kimi qiymətləndirmiş, akademiyada təhsilin səviyyəsinin bundan sonra daha da yüksəldilməsinə çalışacaqlarını bildirmişdir.
Təhsildə və akademiyanın ictimai-siyasi həyatında fərqlənən məzun -leytenant Taleh Əsgərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Ali baş komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və məktəbin rəhbərliyinə kursant yoldaşları adından minnətdarlıq etmiş, bu ali məktəbdə qazandıqları nəzəri bilikləri və əməli vərdişləri xidməti vəzifələrinin icrası zamanı tətbiq edəcəklərini, Vətənə şərəf və ləyaqətlə xidmət göstərəcəklərini bildirmişdir.
Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov təhsildə yüksək nəticələr əldə edən 10 nəfər məzuna fərqlənmə diplomlarını təqdim etmişdir. Akademiyanın digər məzunlarına da diplomlar verildikdən sonra şəxsi heyət hərbi orkestrin marş sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir. Tribunadan kursantları Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, generallar və yüksək rütbəli zabitlər salamlamışlar.
Sonra tədbir iştirakçıları Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Şöhrət muzeyi ilə tanış olmuş, ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərə, sənədlərə maraqla tamaşa etmişlər. Ulu öndər Heydər Əliyev həyat və fəaliyyəti haqqında videolentin nümayişi kövrək duyğular oyatmışdır.
Burada nazir Eldar Mahmudov akademiyanı fərqlənmə ilə bitirən məzunlara qiymətli hədiyyə - xatirə diplomları təqdim etmişdir. Sonra Şöhrət muzeyinin qarşısında xatirə şəkli çəkdirilmişdir.
Mərasim başa çatandan sonra məzunların valideynləri Milli Təhlükəsizlik Nazirliyinin, akademiyanın, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə onların övladlarına göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.