MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ OLMUŞLAR
Qafar Cəbiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, səfərimiz əsasən tanışlıq xarakteri daşıyırdı. Məsələ burasındadır ki, Türkiyədə hökumət əvəzlənməsindən sonra qurumun rəhbərliyi dəyişmişdi. Səfər çərçivəsində qurumun rəhbəri Zahid Akmanla səmimi görüşümüz oldu.
Qurumun strukturu, buradakı iş şəraiti ilə tanış olduq. Təkcə Ankarada 400 əməkdaşı, 7 bölgədə nümayəndəliyi fəaliyyət göstərir, çox böyük maliyyə imkanlarına malikdir. Onlarda lisenziya 6 illik yox, 5 il müddətinə verilir. Ölkə yayımçısının lisenziyasının məbləğı 100 milyon ABŞ dollarıdır. Yayımçılar reklam fəaliyyətindən əldə etdikləri gəlirin 5 faizini qurumun hesabına köçürürlər. Qanun pozuntularına görə yayımçılara kəsilən cərimələrin məbləği də çox böyükdür.
Biz də üç il ərzində görülmüş işlər barədə məlumat verdik. Yeri gəlmişkən, Azərbaycanda rəqəmli televiziyaya keçildiyi halda, Türkiyədə bu iş hələ gələn il reallaşdırılacaqdır. Türk qardaşlarımız Şuranın bu yaxınlarda başa çatmış parlament seçkiləri dövründəki fəaliyyətini yüksək qiymətləndirirlər.
Qurumun rəhbərliyi ilə görüşdə müntəzəm olaraq təcrübə mübadiləsi aparmaq, əməkdaşların qarşılıqlı səfərləri barədə razılığa gəldik.
Azərbaycanlı qonaqlar Atatürk Mərkəzində, Qazi Universitetində və digər yerlərdə də olmuş, görüşlər keçirmişlər.