Millinin baş məşqçisi: Penaltini vura bilməməyimiz oyunun qırılma nöqtəsi oldu
Bakı, 13 oktyabr, AZƏRTAC
“Oyuna çox yaxşı başladıq. 37-ci dəqiqəyə kimi rəqib qapısı qarşısında bir neçə təhlükəli qol vəziyyəti yaratdıq. Amma bunlardan istifadə edə bilmədik. Rəqib qol vurduqdan sonra isə müdafiəni yarmaqda çətinlik çəkdik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev AVRO-2025-in seçmə mərhələsində Bakıda Şimali İrlandiya yığmasına 0:1 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
44 yaşlı mütəxəssis bildirib ki, Camal Cəfərov ilk hissənin sonlarına yaxın təyin olunan penaltidən yararlansaydı, komanda matçın gedişini dəyişdirib qalib gələ bilərdi: “Camala zərbəni vurmağı mən tapşırmışdım. Bundan öncə Özbəkistan və Mərakeş yığmaları ilə keçirdiyimiz qarşılaşmalarda fərqlənmişdi. Bu dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədi. Buna görə hər birimiz təəccüb və təəssüf hissi keçirdik. Ancaq bu, futboldur və belə hallarla çox rastlaşmışıq. Hamı bilir ki, futbol, sadəcə, 90 dəqiqənin üzərində qurulmayıb. Camal ilk dəfə idi, penaltini vura bilmədi. Düşünürəm ki, bu, oyunçumuzun bir qədər həyəcanlı olması ilə əlaqəli idi”.
Baş məşqçinin sözlərinə görə, Şimali İrlandiya kollektivini məğlub etmək olardı: “Buna inanırdıq. Matçın startında futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Amma rəqibin ələ düşən qol vəziyyətindən maksimum yararlanması sonda onların qalib gəlməyinə səbəb oldu. Hesabda geridə olmağımızla yanaşı, Camalın penaltini vura bilməməsi də komanda daxilində əhval-ruhiyyəni xeyli aşağı saldı. Bu, matçın qırılma nöqtəsi idi. Futbolçular psixoloji cəhətdən özlərini pis hiss etdilər. Belə hallarda komandada özünəinam hissi də azalır. Penaltini vura bilsəydik, inam artar, hətta qalib gələrdik. Təəssüf ki, alınmadı”.
O, məğlubiyyətdə bir çox amilin rol oynadığını vurğulayıb: “İndi bu səbəbləri açıqlamaq istəmirəm. Çünki bizi qarşıda vacib oyunlar gözləyir. Sırf həmin matçlara fokuslanmaq istəyirik. Məqsədimiz Lüksemburqla qarşılaşmada qələbə qazanmaqdır”.