Mina probleminin qlobal təhlükə olması və ictimaiyyətin bu sahədə maarifləndirilməsi önəmlidir
Bakı, 4 aprel, AZƏRTAC
4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü mina probleminin qlobal təhlükə olması və ictimaiyyətin bu sahədə maarifləndirilməsi baxımından önəmlidir. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur.
AZƏRTAC xəbər verir ki, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mina fəaliyyətinin mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini nəzərdə tutur. Minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olur.
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Azad olunmuş ərazilərin partlayıcı qurğulardan tədricən təmizlənməsi isə böyük maliyyə vəsaiti, çoxsaylı peşəkar personal və böyük texniki resurslar tələb edir. Təhlükəli ərazilərin iqtisadi dövriyyəyə daxil edilməsi ərazidə yaşayacaq əhalinin gələcək rifahı üçün mühüm əhəmiyyət daşıyır.