Mingəçevir Dövlət Universiteti 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Bakı, 1 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1–dən 7-dək Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Azərbaycanın kitab sənayesində ən nüfuzlu tədbirlərdən biri sayılan sərgidə Mingəçevir Dövlət Universiteti (MDU) də fəal iştirak edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU sərgidə öz elmi nəşrlərini, müəllim və tələbələrin qələmə aldıqları kitab və məqalələri təqdim etməklə yanaşı, ziyarətçilərə universitetin akademik mühiti, tədris və tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlığı barədə də məlumat verir.
Oktyabrın 1-də MDU-nun rektoru Anar Eminov sərgini ziyarət edib. Rektor sərgi iştirakçıları ilə görüşərək universitetin kitab mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıb, mütaliənin gənclərin intellektual inkişafında mühüm rolunu vurğulayıb. O, həmçinin sərginin elm, təhsil və mədəniyyət qurumları arasında əməkdaşlıq imkanlarını daha da genişləndirdiyini qeyd edib.
A.Eminov sərginin ziyarətçiləri ilə söhbətlər edərək MDU-nun sərgidə iştirakı ilə bağlı fikirlərini bölüşüb və bu təşəbbüsün tələbə-gənclərin yaradıcılıq potensialına mühüm stimul verdiyini diqqətə çatdırıb.
Sərgidə təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb.
Beynəlxalq sərgidə 23 dövlətdən 68 xarici təşkilatın (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və ali təhsil müəssisələrinin iştirakı gözlənilir.
Dövlət rəsmiləri və digər sərgi iştirakçıları tərəfindən MDU-nun stendinə yüksək diqqət və maraq göstərilib.
Qeyd edək ki, MDU-nun sərgidə iştirakı ali təhsil müəssisəsinin elm, təhsil və ədəbiyyatın inkişafına verdiyi töhfənin bariz nümunəsidir. Bu həm də tələbələrə və gənc nəslə kitab dünyasının zənginliklərini yaxından tanımaq imkanı yaradır.