Mingəçevir Dövlət Universiteti Almaniyada təşkil edilən beynəlxalq yarışmada uğurla təmsil olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə çərçivəsində keçirilən təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri dekabrın 11-12-də “Prime Academy” (Almaniya) tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn formatda keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı Mingəçevir Dövlət Universitetinin 3 komandası təmsil edib. Yarışmaya Almaniyadan Köln Universitetinin 1 komandası, Fulda Universitetinin 2 komandası, Oldenburq Universitetinin 1 komandası, Offenburq Universitetinin 1 komandası, Konstanz Universitetinin 2 komandası və Rumıniyadan Constanta Universitetinin 3 komandası olmaqla ümumilikdə 13 komanda qatılıb.
Beynəlxalq yarışma “İnvestisiya qoyuluşu”, “Aktivlərin alqı-satqısı”, “Məhsulların dizaynı, istehsalı və satışı”, “İnsan resurslarının idarə edilməsi” və digər mövzuları əhatə edən situasiyalar üzərində qurulub və dörd mərhələdə keçirilən işgüzar oyunlardan ibarət olub. İlk təcrübə olmasına baxmayaraq, MDU-nun hər üç komandası maraqlı və gərgin mübarizə şəraitində keçən müsabiqədə uğurla iştirak edib.
Nəticələrə əsasən, MDU-1 komandası beynəlxalq yarışmada fəxri 5-ci yerə layiq görülüb. 13 komandanın təmsil olunduğu müsabiqədə MDU-2 və MDU-3 komandaları müvafiq olaraq 7-ci və 9-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, MDU və Siegen Universiteti arasında birgə reallaşdırılan layihə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini və regional ekosistemin inkişafına töhfə verməyi hədəfləyir. Hazırda davam edən layihə təlim iştirakçılarının təqdim etdikləri biznes planların qiymətləndirilməsi mərhələsindədir. Ən yaxşı biznes-plan təqdim etmiş təlim iştirakçıları layihənin sonunda mükafatlandırılacaq.