Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıblar
Bakı, 3 iyun, AZƏRTAC
Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək “Nissan” markalı avtomobili ilə taksi xidməti göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən üç nəfərin onu döyərək 130 manat məbləğində pulunu aparması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakinləri - əvvəllər məhkum olunmuş Elşad İsmayılov, Ayaz Əsgərov və Malik Sadıqov həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib, hadisə zamanı sərxoş olduqlarını bildiriblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər Şəmkir rayonundan gəzmək məqsədilə zərərçəkmişə məxsus avtomobillə Mingəçevirə gəliblər. Bir neçə dəfə xırda pullarının olmaması bəhanəsi ilə taksi sürücüsündən “borc” alıb, Şəmkirdə qaytaracaqlarını vəd ediblər. Əyləncələrini davam etdirmək üçün A.Verdiyevin cibində olan pulların hamısını ələ keçirmək məqsədilə guya təcili olaraq Yevlax rayonu Hacıselli kəndinə getməli olduqlarını bildiriblər. Kənd ərazisində ətrafda insanların olmamasından istifadə edən E.İsmayılov sürücüyə xəsarət yetirib, pulunu ona verməsini istəyib. Məqsədlərinə çatdıqdan sonra isə həmin nəqliyyat vasitəsini özləri idarə edərək yenidən Mingəçevirə qayıdıblar. Bir müddətdən sonra avtomobili tərk edib, oradan uzaqlaşıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.