Mingəçevirdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun 2017-ci il üçün fəaliyyət planına əsasən, noyabrın 3-də Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında film təqdim olunub.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov gənc nəslin milli ruhda tərbiyə edilməsinə xüsusi önəm verildiyini, mingəçevirli gənclərin Azərbaycan Silahlı Qüvvələri sıralarında ləyaqətlə xidmət göstərdiklərini, məktəblilərin "Şahin" hərbi-idman oyunlarında uğurla iştirak etdikərini bildirib.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini diqqətə çatdıran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov Mingəçevir şəhərində təşkil olunan müsabiqənin bu tədbirlərin davamı olduğunu bildirib. R.Şirinov müsabiqə qaliblərinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq diplom və xatirə plaketlərini təqdim edib.
“Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli ordu quruculuğu prosesinin uğurlu nəticə verdiyini bildirib. M.Vəliyev ötən ilin aprelində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü artıq sübut etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxışında gənclərin milli ruhda tərbiyə edilməsinin cəmiyyətin gələcəyi üçün vacib amillərdən biri olduğunu deyib.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Mingəçevir şəhər məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.