MİNGƏÇEVİRLİ GƏNCLƏR BAYRAM TƏDBİRİ KEÇİRMİŞLƏR
Mingəçevir, 2 fevral (AZƏRTAC). Mingəçevir şəhərindəki “Kosmos” şadlıq sarayında 2 fevral - Gənclər günü münasibətilə təntənəli bayram mərasimi keçirilmişdir.
Əvvəlcə gənclər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Mingəçevir şəhərindəki möhtəşəm abidəsini ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev, gənclər və idman idarəsinin rəisi Ramiz Əliyev, orta və ali təhsil ocaqlarının rəhbərləri çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin bütün sahələrdə fəaliyyəti üçün yaradılmış münbit şəraitdən, onların vətənpərvərlik ruhunda yetişməsi istiqamətində görülən işlərdən danışmışlar.
Xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafına dair Dövlət Proqramına uyğun olaraq Mingəçevirdə istedadların aşkarlanması, onlara diqqət və qayğının artırılması, potensial imkanların, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən bəhs edən natiqlər, bu gün ölkədə bütün sahələrdə gənclərin bacarıqlarından səmərəli istifadə olunmasını, YAP-ın fəaliyyətində gənclərin yaxından iştirak etməsini yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, ölkəmizin başçısı İlham Əliyevin diqqəti və qayğısı sayəsində hər il fevralın 2-də Gənclər gününün qeyd olunması əhali tərəfindən rəğbətlə qarşılanır.
Sonra şəhərin fəal gənclərinə icra hakimiyyətinin mükafatları təqdim olunmuşdur.
Bayram tədbiri yerli incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etmişdir.