SİYASƏT
MİNSK QRUPU HƏMSƏDRLƏRİNİN MƏTBUAT KONFRANSI
Ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 28-də “Həyat Park” otelində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişlər.
Minsk qrupunun fransalı həmsədri Üq Perne bildirmişdir ki, regiona səfər çərçivəsində öz həmkarları ilə birlikdə bir sıra görüşlər keçirmişlər. O, Prezident Heydər Əliyevlə, müdafiə və xarici işlər nazirləri ilə maraqlı görüşləri və ətraflı söhbətləri barədə məlumat verdi. Qeyd etdi ki, son altı ayda münaqişənin həlli istiqamətində müəyyən işlər görülmüş və bu gün də görülməkdədir.
Naxçıvan Muxtar Respublikasının sədərək rayonunda sərhəddə Azərbaycan və Ermənistan Prezidentlərinin keçirdikləri görüşə böyük əhəmiyyət verdiyini bildirən Perne, bundan əlavə iki ölkə rəhbərlərinin Kşinyovda görüşünün də nəzərdə tutulduğunu vurğuladı.
Rusiya xarici işlər nazirinin müavini Vyaçeslav Trubnikov Dağlıq Qarabağ münaqişəsinin həllində öz ölkəsinin mövqeyinin ATƏT-in mövqeyi ilə üst-üstə düşdüyünü qeyd etdi. O, dedi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.
V.Trubnikov Azərbaycan qaçqınlarının problemlərinə toxunaraq dedi ki, bu çox ağır məsələdir. Rusiya Federasiyası problemin aradan qaldırılması naminə əlindən gələni edir.
Minsk Qrupunun həmsədrləri danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyətini bir daha nəzərə çarpdırdılar.
Sonra həmsədrlər jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı suallarına cavab verdilər.