Misirin “Əl-Əhram” qəzetində “Bura Azərbaycandır” adlı məqalə dərc edilib
Qahirə, 9 iyun, AZƏRTAC
Misirin İsgəndəriyyə Universitetinin professoru, ötən ay Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Süleyman Əbdülmunimin bu ölkənin aparıcı “Əl-Əhram” qəzetində “Bura Azərbaycandır” adlı məqaləsi dərc edilib.
Məqalədə Sovet İttifaqı dağılandan sonra müstəqilliyini bərpa edən Azərbaycanın demokratiya yolunda əldə etdiyi nailiyyətlərdən və ölkənin sürətlə inkişaf edən iqtisadiyyatından bəhs olunur.
Müəllif Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu, ayrı-ayrı dinlərin, milli azlıqların nümayəndələrinin əmin-amanlığın, sabitliyin hökm sürdüyü bu ölkədə sülh şəraitində yaşadığını vurğulayır. Bakının gözəlliyindən və təmizliyindən yazan müəllif burada möhtəşəm memarlıq və incəsənət əsərlərinin şahidi olduğunu, şəhərdə bir-birindən yaraşıqlı parkların salındığını qeyd edir.
S.Əbdülmunim Azərbaycanın əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırır.
Müəllif Forumla bağlı fikirlərini bölüşərək dünyanı narahat edən radikalizm meyillərinin gücləndiyini və bunun mədəniyyətlərarası münasibətlərə ciddi təsir göstərdiyini qeyd edir. O, Forumda tolerantlığın və dözümlülüyün yayılmasının vacibliyi ilə bağlı fikirlərin səsləndirildiyini diqqətə çatdırır.
S.Ədbülmunim özünün Forumdakı çıxışına toxunaraq tədbirdə mədəniyyətlərarası dialoq mövzusunda maneələrin ciddi araşdırılması və onların həlli yollarının öyrənilməsi, eyni zamanda, ortaq dəyərlərin inkişafı üçün səylərin artırılması, müxtəlifliyin qəbul edilməsi kimi vacib məsələlərdən söhbət açdığını qeyd edir və bütün bunların həyata keçirilməsi məqsədilə atılmalı birinci addımın ilk növbədə təhsil ocaqlarından başlanılmasının əsas şərt olduğunu bildirir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə