MİXAİL QUSMAN: AzərTAc-ın BÖYÜK PERSPEKTİVLƏRİ VAR
Sentyabrın əvvəllərində Bakıda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilmişdir. OANA-nın vitse-prezidenti, Rusiyanın İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu tədbirin yekunları barədə təəssüratını bölüşür.
- Sizin fikrinizcə, OANA-nın üzvü olan aparıcı informasiya agentlikləri rəhbərlərinin 30-cu iclasının əsas yekunları, informasiya sahəsinin və informasiya birlikləri arasında dialoqun genişləndirilməsi üçün bu tədbirin əhəmiyyəti nədən ibarətdir?
- OANA İcraiyyə Komitəsinin bu yaxınlarda Bakıda keçirilmiş iclası müasir dünyada informasiyanın böyük əhəmiyyətini bir daha nümayiş etdirdi. Elə buna görə də Bakıda bir neçə gün davam etmiş diskussiyalar əsasən bu mövzuya həsr olunmuşdu. İlk növbədə, deməliyik ki, müasir dünyada informasiyanın rolu getdikcə artır. İndi “dəmir pərdə” yoxdur, müasir texnologiyalar hər kəsin yer kürəsinin istənilən nöqtəsindən informasiya almasına imkan verir.
Bu, müasir dövrün müsbət xüsusiyyətidir. Lakin bu məsələnin əks tərəfi də var: informasiya müharibələri getdikcə daha kəskin, daha təhlükəli olur, əhali bu prosesə getdikcə daha yaxından cəlb edilir. Azərbaycan uzun illər boyu ona qarşı aparılan informasiya müharibəsinin obyekti olmuşdur və bu, davam edir. Bu baxımdan Azərbaycanın özünün informasiya qurumları vasitəsilə, ilk növbədə, bugünkü Azərbaycan haqqında həqiqətləri və reallıqları bütün dünyaya çatdırmalı olan AZƏRTAC dövlət agentliyi vasitəsilə dünyada cərəyan edən informasiya prosesinin tərkib hissəsinə, fəal iştirakçısına çevrilməsi çox vacibdir.
AZƏRTAC informasiya agentliklərinin regional təşkilatı olan OANA-ya dörd il əvvəl üzv olmuşdur. OANA-ya Sinxua, Kiodo Susin, İTAR-TASS kimi iri agentliklər, həmçinin Cənubi Koreya, Hindistan, Monqolustan, MDB üzvü olan bəzi dövlətlərin və ərəb ölkələrinin agentlikləri daxildir. Hazırda dünyada informasiya axınlarının təqribən beşdədörd hissəsi OANA-ya daxil olan agentliklərin payına düşür. Bu, çox böyük rəqəmdir!
İnformasiya müharibəsi barədə söz düşəndə deməliyik ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin konkret nəticəsi kimi AZƏRTAC-ı təxminən dörd il müddətində müxtəlif səhnəarxası intriqalar ucbatından Avropa Xəbər Agentlikləri Alyansına (EANA) qəbul etmirdirlər. Bəzən uydurma dəlillər gətirməklə, bəzən sadəcə təhrikçi bəhanələrlə AZƏRTAC-ın şəxsində Azərbaycanın bu alyansa daxil olmasına maneçilik törədirdilər.
Çox şadam ki, bütün maneələrə baxmayaraq, bu ildən AZƏRTAC EANA-nın üzvüdür. Bu bizim ümumi qələbəmizdir və avropalı tərəfdaşları inandıra bildik ki, AZƏRTAC-ın xəbər agentlikləri ailəsinin üzvü olmağa tamamilə obyektiv hüququ var. Yeri gəlmişkən, məmnuniyyətlə, qeyd etmək istəyirəm ki, Avropa Alyansının prezidenti Volfqanq Vislozil Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu məqamı vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycana gəlib bu ölkədə görülən işlərlə, ölkə rəhbərliyinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətlə tanış olduqdan sonra Azərbaycan haqqında təsəvvürü dəyişmişdir.
- Siz bu tədbirin siyasi yekunlarını necə qiymətləndirirsiniz?
- Bizim iclas çərçivəsində əsas siyasi hadisə iclas iştirakçılarının ölkə Prezidenti İlham Əliyevlə görüşü oldu. Əlbəttə, iclasdakı diskussiyalar, söhbətlər çox əhəmiyyətlidir, lakin əsas siyasi hadisə məhz bu görüş oldu.
Mübaliğəsiz deyə bilərəm ki, həmkarlarımın ümumi fikrinə görə, bu görüş onlara çox güclü təsir bağışlamışdır. İlk növbədə, ona görə ki, söhbət çox səmimi, demokratik və açıq şəraitdə aparıldı. Təbii ki, Prezident söhbəti heç bir kağıza baxmadan, təmiz ingilis dilində aparırdı. Azərbaycan Prezidentinin xüsusi vurğuladığı məqamlar, ölkəmiz haqqında informasiyanın çatdırılmasındakı səmimiyyəti həmkarlarımıza çox güclü təsir bağışladı. Deməliyəm ki, onlar öz işlərinin yüksək peşəkarlarıdır, bir çox siyasətçilərlə, o cümlədən dövlət başçıları ilə görüşmüşlər. Həmin görüşdə müşahidəçi qismində iştirak edən EANA-dan olan həmkarlarımdan - məsələn, Frans-press agentliyinin departament direktoru cənab Qranye bu görüşdən həqiqətən məmnun olduğunu bildirmişdir. Bolqarıstan agentliyinin rəhbəri Minçevin, habelə İndoneziya, Monqolustan agentliklərinin və digərlərinin rəhbərlərinin fikrinə istinad edə bilərəm.
Görüşdə müasir dünyada informasiya agentliklərinin rolu və yeri barədə çox mühüm və peşəkar səviyyədə söhbət oldu.
- Bu forumun Bakıda keçirilməsi o deməkdirmi ki, Azərbaycan həqiqətən dünya informasiya məkanına inteqrasiya edir? Bir də ki, həmin tədbirin təşkilinin səviyyəsini necə qiymətləndirərdiniz?
- Deməliyəm ki, bir neçə il bundan əvvəl İTAR-TASS da OANA İcraiyyə Komitəsinin iclasının təşkilatçısı kimi çıxış etmişdi və buna görə biz çox diqqətlə, hətta qısqanclıqla baxırdıq ki, görək AZƏRTAC-dan olan dostlarımız və həmkarlarımız bu görüşü necə təşkil ediblər. Mən birmənalı şəkildə deyə bilərəm ki, hər şey əla səviyyədə idi, bütün xırdalıqlarına qədər düşünülmüşdü. AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun xüsusi rolunu ayrıca qeyd etmək istərdim. O, informasiya sahəsində əməkdaşlığın müasir problemlərini, dünyada informasiyanın rolunu çox yaxşı başa düşən müasir təfəkkürlü peşəkardır. İclasın çox uğurlu keçməsi üçün nə mümkündürsə, hamısı edilmişdi. Bir də onu qeyd etmək istərdim ki, AZƏRTAC bu iclasdan müxtəlif ikitərəfli əməkdaşlıq yaradılması üçün də istifadə etdi. İclas günlərində AZƏRTAC ilə başqa informasiya agentlikləri arasında bir sıra mühüm sazişlər imzalandı. Ona görə də bu iclas adi növbəti tədbir deyildi, o, Azərbaycanın informasiya məkanını təmsil edən AZƏRTAC-ın çoxsaylı xarici həmkarları ilə əməkdaşlığı yolunda yeni, çox mühüm addım oldu.
Bu il sentyabrın 24-dən 26-dək Nitsada Avropa Xəbər Agentlikləri Alyansının iclası keçiriləcəkdir. Həmin iclasda AZƏRTAC ilk dəfə EANA-nın tamhüquqlu üzvü kimi iştirak edəcəkdir. Zənnimcə, gələcəkdə bu təşkilatda AZƏRTAC-ın rolu və yeri aşkar hiss ediləcəkdir. AZƏRTAC-ın çox yaxşı perspektivləri var, Azərbaycanın siyasət, iqtisadiyyat və sosial sahədə qazandığı uğurlar informasiya məkanında da öz əksini tapmalıdır. AZƏRTAC-ın böyük potensialı var. Əziz həmkarlarıma dostcasına onu da məsləhət görərdim ki, onlar mövzu dairəsini genişləndirsinlər, mühüm ictimai-siyasi informasiya ilə yanaşı, oxucuları cəlb edən “yumşaq” informasiyaya da yer ayırsınlar.
Xüsusi vurğulamaq istərdim ki, həmin iclasın Bakıda keçirilməsi barədə təklif Azərbaycan tərəfindən atılmış çox düzgün addım idi. Respublikada ən müxtəlif istiqamətlər üzrə (mədəniyyət, idman, elm, energetika, siyasət, qadın hərəkatı və sair) iri beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada əhəmiyyətinin getdikcə artmasını göstərir.
######
