Mixail Qusman: Bizim vəzifəmiz Qlobal Cənubu etibarlı informasiya ilə təmin etməkdir
Moskva, 12 noyabr, AZƏRTAC
Bizim vəzifəmiz Qlobal Cənubu etibarlı informasiya ilə təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman San-Pauluda (Braziliya) açılan Qlobal Cənub Mediası və Beyin Mərkəzləri Sammitində deyib. O əlavə edib: “Qlobal Cənub ölkələri arasında müsbət və obyektiv media mühiti yaratmaq üçün media balanslaşdırılmış və doğru məlumat vektoruna əməl etməlidir”.
TASS-ın baş direktorunun birinci müavini qeyd edib ki, Qlobal Cənub mediası dezinformasiya ilə mübarizə üçün ümumi mexanizmlər hazırlamalıdır. “TASS yanlış məlumatların müəyyən edilməsi və faktların yoxlanılması baxımından ən yaxşı redaksiya təcrübələrini həmkarları ilə bölüşməyə həmişə hazırdır”, - deyə M.Qusman bildirib.
O, həmçinin qeyd edib ki, jurnalistlərin hüquqlarının daim pozulduğu bir şəraitdə media öz peşə borcunu yerinə yetirmək hüququnu müdafiə etməlidir.
BRICS çərçivəsində medianın qarşılıqlı fəaliyyətindən danışan M.Qusman Rusiya Prezidenti Vladimir Putinin bu alyansa daxil olan ölkələr ilə Qlobal Cənubun bir çox problemlərlə bağlı oxşar baxışları sayəsində uğurla birgə iş qura biləcəyi barədə sözlərini misal çəkib.
Sammitin açılışından əvvəl dəvət olunmuş media rəhbərləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) təbliğat şöbəsinin müdir müavini, ÇXR-in mədəniyyət və turizm naziri Hu Hepinq ilə görüşdə iştirak ediblər. İclasda çıxış edən M.Qusman xatırladıb ki, TASS-ın sentyabrda təşkil etdiyi BRICS Media Sammitində 100-dən çox rusiyalı və xarici iştirakçı feyk xəbərlərlə mübarizədə ümumi yanaşmaların formalaşdırılmasını müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva