“MODERNLƏŞMƏ XƏTTİ YENƏ DƏ GÜNDƏLİKDƏDİR”
“Şərq-Qərb” nəşriyyatı Prezidentin İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyevin bir müddət əvvəl mətbuatda dərc edilmiş “Modernləşmə xətti yenə də gündəlikdədir” adlı geniş məqaləsini Azərbaycan, ingilis və rus dillərində bir kitabda çapdan buraxmışdır.
“Azərbaycanın yeni vəziyyəti, “Yeni nəsli formalaşdırarkən”, “Məsuliyyət daşıyan nəsil” və “Son söz əvəzi: ideologiya, yoxsa ideya?” bölmələrindən ibarət kitabda müəllif bundan əvvəl çapdan çıxmış “Gələcəyin strategiyasını müəyyənləşdirərəkən: modernləşmə xətti” əsərində toxunduğu bəzi tezislərə bir daha qayıdaraq, özünün yazdığı kimi, ölkənin modernləşmə xətti kontekstində yeni məqamları müəyyənləşdirməyi qarşısına məqsəd qoymuşdur.
Keçid dövründən sonrakı mərhələdə inkişaf xəttinin düzgün seçilməsi hər bir ölkə üçün çox mühümdür. Burada standart reseptlər olmadığına görə, ölkənin real gerçəkliklərindən çıxış edən konkret fəlsəfi tədqiqatlara daha çox ehtiyac duyulur. Bu baxımdan akademik Ramiz Mehdiyevin yeni araşdırmaları, mütəxəssislərin vurğuladığı kimi, Azərbaycanda modernləşmənin və davamlı inkişafın fəlsəfi konsepsiyası kimi qiymətləndirilə bilər.
Müəllif müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı çətinlikləri xatırladaraq yazır ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, onun gərgin fəaliyyəti həm ictimai-siyasi sabitliyin bərqərar olunmasında, həm də iqtisadiyyatda ciddi uğurlar qazanmağa imkan verdi. Heydər Əliyev müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış strategiyasını da müəyyən etdi. Son illərdə isə Azərbaycan artıq regional liderə və beynəlxalq münasibətlərin etibarlı subyektinə çevrilmişdir. Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır və ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Eyni zamanda, Azərbaycan dövləti iqtisadi yüksəlişlə yanaşı, açıq və demokratik cəmiyyət qurulmasını da inkişafın prioriteti kimi müəyyən etmişdir. Akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, bu, bizim strateji seçimimizdir, dövlət siyasətinin ən mühüm vektorudur. Demokratiya hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət olan suveren hüququdur. Qlobal transformasiyaların indiki mürəkkəb şəraitində Azərbaycanın daxili və xarici siyasəti modernləşmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan ölkə qurmaq istəyini nəzərdə tutur. Bu isə postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə aparan yoldur.
Belə bir mərhələdə isə yeni nəslin formalaşdırılması, nəsillərin dialoqu problemi qarşıya çıxır. Bununla əlaqədar müəllif yazır ki, Azərbaycanda gənclərin fəaliyyəti üçün zəruri mühitin formalaşdırılması, gənclərin inkişafının təmin edilməsi, asudə vaxtının və zəruri yaradıcılıq şəraitinin təşkili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir. Azərbaycanın müstəqillik qazanmasından 17 ilə yaxın bir dövr keçir. Qapalı sovet cəmiyyətinin siyasi sistemindən yeni quruluşa keçid dövrünün ilk illərinin çətinliklərini və dərin sarsıntılarını görməyən bütöv bir nəsil yetişmişdir. Bu nəslin təşəbbüskar, intellektual, yaradıcı və həqiqi vətənpərvər insanlar kimi formalaşdırılması ən başlıca vəzifələrdən biridir. Çünki kitabda vurğulandığı kimi, gələcəkdə ən mühüm və məsul qərarları məhz “üçüncü dalğa” nəsli qəbul edəcək və dövlətimizin, cəmiyyətimizin taleyi bu qərarlardan asılı olacaqdır. Buna görə də ölkə rəhbərliyi XXI əsrin əvvəlində dövlət siyasətinin strategiyasını formalaşdırarkən sabah Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə çevriləcək nəsil haqqında düşünür. Çünki qarşıdakı işlərin və layihələrin uğuru bu nəslin sabit, təhlükəsiz və firavan inkişafından asılıdır.
Akademk Ramiz Mehdiyev XXI ərsdə, qlobal dəyişikliklər və transformasiyalar şəraitində gənc nəslin qarşısında duran, onun həll etməli olduğu çox məsul məsələlərdən danışarkən aşağıdakı məqamları xüsusi vurğulayır: Azərbaycan cəmiyyətinin demokratikləşməsi prosesində fəal iştirak etmək; intellektual səviyyənin yüksəldilməsi; milli mənliyin, Azərbaycan xalqının ənənələrinin, dilinin, tarixinin, sosiomədəni fonunun qorunub saxlanmasına xüsusi əhəmiyyət vermək; Azərbaycan xalqının son bir ərsdə keçdiyi yolun mənasını yenidən dərk etməyə çalışaraq, milli tarix barədə daha tez-tez danışarkən millətin inkişaf strategiyasını müəyyən etmiş və bundan sonra da müəyyən edəcək məsələlərə xüsusi diqqətlə yanaşmaq; yeni menecerlər, idarəçilər, texnokratlar, dövlətçiliyin qorunub saxlanmasına, inkişaf strategiyasının səmərəliliyinə, təməli bu gün qoyulan modernləşmə ideyalarının həyata keçirilməsinin uğuruna, ölkənin gələcəyinə görə cavabdeh insanlar yetişdirmək.
Müəllif yazır ki, bütün bu məsələləri həll etməkdən ötrü cəmiyyətdə Azərbaycan xalqının mənafelərinə cavab verən və milli demokratik modelin yaradılması üçün kifayət qədər potensialı olan siyasi mədəniyyətin formalaşdırılması zəruridir. Milli siyasi mədəniyyət isə, onun fikrincə, suverenliyin qorunub saxlanmasını, inkişafın səmərəliliyini və dövlətçilik ideologiyasını təmin edəcək üç amilə əsaslanmalıdır: sistemin açıqlığı və şəffaflığı; cəmiyyətdə demokratiya inkişaf etdikcə, mərhələlər üzrə formalaşan liberal ideyalar; nəhayət, Azərbaycan sosiumunun modernləşməsinin əsas elementi kimi milli ideya.
Heydər Əliyevin işləyib hazırladığı azərbaycançılıq ideologiyası hazırda milli ideya kimi başqa bir keyfiyyətdə çıxış edir və o, həmişə Azərbaycanın yeni nəslinin mənəvi-əxlaqi və sosiomədəni obrazının əsası olmalıdır.
######
