Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır VİDEO
Kişineu, 26 may, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Kişineu şəhərində rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qəbulda əsas qonaq qismində Moldovanın Baş nazirinin müavini Vladimir Bolea, həmçinin Moldovada fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin təmsilçiləri, diaspor üzvləri, Moldovada təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak ediblər.
Qəbul Azərbaycanın və Moldovanın Dövlət himnlərinin ifası ilə başlayıb.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi irsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından cəmi iyirmi üç ay sonra respublika süquta uğrayıb. Bu bir daha göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.
Bildirilib ki, 1991-ci ildə yenidən müstəqillik qazanan Azərbaycan Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək dönməz inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın adı nüfuzlu dövlətlərin sırasında çəkilir.
Moldovanın Baş nazirinin müavini Vladimir Bolea isə çıxışında ölkələrimiz arasındakı dialoqun konkret nəticələr əldə etməyə yönəlmiş fəal və praqmatik əməkdaşlıq olduğunu bildirib. O qeyd edib ki, 2022-ci ildə hökumətlərarası komissiyanın fəaliyyətinin bərpasından sonra ikitərəfli əməkdaşlıq yeni dinamika qazanıb. Əsas institusional əlaqələr möhkəmləndirilib, iqtisadi və investisiya əməkdaşlığı üçün yeni istiqamətlər açılıb, biznes dairələrimiz arasında əlaqələr daha davamlı və məqsədyönlü xarakter alıb. Vladimir Bolea vurğulayıb ki, Moldova Azərbaycanı regionda mühüm və nüfuzlu tərəfdaş kimi qiymətləndirir.
Tədbirin sonunda Azərbaycanın milli rəqsləri, xüsusilə Moldovada fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəbinin şagirdlərinin ifası qonaqların marağına səbəb olub.