DÜNYA
Moldova tərəfdaşları ilə hava hücumundan müdafiə sistemlərinin əldə olunmasını müzakirə edir
![Moldova tərəfdaşları ilə hava hücumundan müdafiə sistemlərinin əldə olunmasını müzakirə edir](/files/2023/1/1200x630/16746030585716664415_1200x630.jpg)
Kişineu, 25 yanvar, AZƏRTAC
Moldova tərəfdaşları ilə hava hücumundan müdafiə sistemlərinin əldə olunması imkanlarını müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Anatoli Nosatıy “Azad Avropa” nəşrinə müsahibəsində söyləyib.
Nosatıyın sözlərinə görə, Moldovanın müdafiə imkanları, o cümlədən hava hücumundan müdafiə sisteminin gücləndirilməsi xarici tərəfdaşlarla hələ Ukrayna böhranından əvvəl müzakirə olunub.
“Təkcə “biz bunu istəyirik, bizə belə lazımdır” demək kifayət deyil. Bu, ilk növbədə, təhlillər əsasında, demokratik və şəffaflığa əsaslanan beynəlxalq müqavilələr əsasında həll olunmalıdır”, - deyə nazir əlavə edib.
Anatoli Nosatıy bildirib ki, Moldova neytral ölkədir, hər hansı bloklara, birliklərə daxil deyil. Ona görə də, özünün milli müdafiə sistemini gücləndirməlidir.
"Lakin Ukraynadakı müharibə Moldova hakimiyyətinə nümayiş etdirdi ki, neytrallıq statusu və Moldovanın demilitarizasiyası ilə bağlı müzakirələr artıq aktual deyil. Dəyişən təhlükəsizlik vəziyyəti müdafiə sektorunun ehtiyaclarına yenidən baxılmasını tələb edib. Aydın şəkildə nümayiş olundu ki, müəyyən bir ölkənin işğal planları var və beynəlxalq hüquq prinsiplərinə əhəmiyyət vermir. Bu, beynəlxalq hüquqa etinasızlığı bir daha sübut etdi", - deyə Anatoli Nosatıy vurğulayıb.
Nazir, həmçinin 30 ildən artıqdır ki, Dnestryanıda qeyri-qanuni yerləşdirilmiş rus qoşunlarını da xatırladıb: “Rusiya qoşunlarının ərazimizə qeyri-qanuni yerləşdirilməsi açıq şəkildə göstərir ki, neytrallıqla bağlı bütün bu rəvayətlər o dövrdə mövcud olan problemlərin həlli üçün yaradılıb. Sonradan dövlət rəhbərliyi bu qüvvələrin çıxarılması barədə dəfələrlə çıxış edib. Bütün bunlar bizə onu göstərir ki, neytrallıq yalnız deklorativ xarakter daşıyır”.