Moldovada növbədənkənar parlament seçkiləri nələr vəd edir?
Kişineu, 8 iyul, AZƏRTAC
Moldovada iyulun 11-də keçiriləcək növbədənkənar parlament seçkiləri yay aylarının ənənəvi sükutunu pozub. Siyasi mübarizə, qarşılıqlı ittihamlar, seçkilərə hazırlıq Moldovanın siyasi həyatına əlavə çalarlar qatıb. Bəs Moldovada yeni parlament tərkibi nələr vəd edir? Moldova Prezidenti Maya Sandunun israrla növbədənkənar parlament seçkilərinə getməsi nəyi dəyişə bilər?
Növbədənkənar parlament seçkilərinə maraq olduqca böyükdür. Bu, özünü rəqəmlərdə də göstərir, belə ki, seçkilərdə 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edəcək. Bəzi yerli ekspertlər hesab edir ki, erkən parlament seçkilərinin keçirilməsi Moldovanın dərin siyasi böhrandan çıxmağın yeganə qanuni yoludur. Çünki əhali fərqli siyasi qüvvələri təmsil edən ölkə prezidenti ilə parlament arasında davamlı “müharibədən” bezib. Bu parlament seçkilərinin bir özəlliyi də ondan ibarətdir ki, seçicilər ya Moldovanın indiyə qədər həyata keçirdiyi ənənəvi siyasi kursa dəstək verəcək, ya da Avropaya inteqrasiya yolunu seçəcək.
Seçkilərdə əsas mübarizə hazırkı Prezident Maya Sandu ilə sabiq Prezident İqor Dodonun rəhbərlik etdiyi siyasi partiyalar arasında olacaq. Prezident seçkilərində uduzan Dodon parlamentdəki nüfuzunu əldən verməməyə çalışır. Maya Sandunun parlamenti buraxması qərarından sonra Dodonun növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırışı, Konstitusiya Məhkəməsinin qərarına etirazı mübarizənin, məhz bu iki lider arasında getdiyinin bariz nümunəsidir.
Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Maya Sandunun rəhbər olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs veriblər. Sonrakı yerləri isə kiçik səs faizi ilə digər partiyalar tutub. Tanınmış iş adamı, həm də Rusiya vətəndaşı olan Renato Usatıyın “Bizim partiya”sı cəmi 6 faiz, digər iş adamı, yəhudi əsilli İlan Şorun rəhbəri olduğu partiya isə respondentlərin 5 faiz səsini qazana bilib. Onu da xatırladaq ki, parlament buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdu. Bu da Maya Sandunun təsirli daxili və xarici siyasət kursunu yerinə yetirməyə mane olurdu. Əgər erkən parlament seçkilərindən sonra “Fəaliyyət və Həmrəylik” partiyası daha çox səs toplasa, Prezident Maya Sandunun geniş siyasi və iqtisadi islahatlara gedəcəyi qaçılmazdır. Bu islahatların kökündə isə Avropaya inteqrasiya dayanır. Ancaq bu islahatların mümkünlüyünü zaman göstərəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu