İQTİSADİYYAT
Moskvada “Bakı Neft Cəmiyyəti”nin 150 illiyi münasibətilə konfrans keçirilib







Moskva, 20 fevral, AZƏRTAC
Moskvada “Bakı Neft Cəmiyyəti”nin yaradılmasının 150 illiyi münasibətilə konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” pavilyonunun informasiya dəstəyi ilə "LUKoyl” şirkətinin dünyada ilk şaquli inteqrasiya olunmuş neft şirkəti olan "Bakı Neft Cəmiyyəti"nin yaradılmasının 150 illiyi münasibətilə təşkil etdiyi konfrans Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Neft” pavilyonunda keçirilib.
Konfrans çərçivəsində Rusiya və Azərbaycanın neft sənayesinin yaradılmasının və inkişafının tarixinə aid fotomateriallar, sənədlər təqdim edilib.
Tədbirdə çıxış edən Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri namizədi Aleksandr Matveyçuk qeyd edib ki, XIX əsrin sonunda Rusiya imperiyasında səkkiz şaquli inteqrasiya olunmuş şirkət (geoloji kəşfiyyat, hasilat və neft emalından tutmuş son istehlakçılara neft məhsullarının satışına qədər tam istehsalat tsiklinə malik şirkətlər) mövcud olub.
“Vasili Kokorev və Pyotr Quboninin təsis etdiyi “Bakı Neft Cəmiyyəti” xaricdən kapital cəlb edən ilk səhmdar şirkətdir. Bir tarixçi kimi, o vaxt artıq Bakıda Şəmsi Əsədullayevə və Musa Nağıyevə məxsus iki ailəyə məxsus şaquli inteqrasiya olunmuş şirkətin fəaliyyət göstərməsi maraqlı kəşf oldu” - deyən alim, Azərbaycan və Rusiya alimləri tərəfindən Bakı neft sənayesinin inkişafının bu dövrünün birgə öyrənilməsinin vacibliyini vurğulayıb.
A.Matveyçuk onu da xatırladıb ki, 1863-cü ildə neft sənayeçisi V.Kokorevin dəvəti ilə Dmitri Mendeleyev Suraxanıdakı Bakı Neft Emalı Zavoduna səfər edib və məhz o, Bakıda neftin fasiləsiz distillə edilməsi, həmçinin neft çənlərinin, neftdaşıyan gəmilərin və neft boru kəmərlərinin istifadəsi ideyalarını irəli sürüb.
Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiri Vaqif Kərimov xatırladıb ki, dünya neft sənayesinin inkişafı Azərbaycanın paytaxtı ilə bağlıdır.
“XIX əsrin 70-ci illərində Bakı şəhərində və onun ətrafında neft inqilabı başladı. Bakıda müxtəlif ölkələrdən olan sənayeçilər öz şirkətlərini açsalar da, neft sənayesinin inkişafında Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi neft istehsalçıları fəal rol oynayıblar. Qeyd etmək lazımdır ki, bütün xarici şirkətlərdə də azərbaycanlılar çalışıblar”.
“SOCAR RUS” MMC-nin baş direktoru Rüfət Mahmud Azərbaycanın neft sənayesinin inkişaf tarixindən danışıb və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “Bakı Neft Cəmiyyəti” 1874-cü ildə böyük rus sənayeçiləri və xeyriyyəçiləri Vasili Kokorev və Pyotr Qubonin tərəfindən yaradılıb. O, düz 44 il - 1918-ci ilin Oktyabr inqilabına qədər fəaliyyət göstərib, sonra isə şirkətin bütün əmlakı yeni hökumətin əlinə keçib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva