MOSKVADA DİNİ LİDERLƏRİN DÜNYA ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
“Dini liderlərin dünya zirvə görüşünün müraciəti” üçgünlük müzakirələrin yekunu olmuşdur. Dövlət və dini icma başçılarına və bütün xoşməramlı insanlara ünvanlanmış müraciətdə deyilir ki, sivilizasiyalar arasında dialoq və tərəfdaşlıq sadəcə şüar xarakteri daşımamalıdır. Sənəddə bildirilir: “Biz elə bir dünya nizamı qurmalıyıq ki, demokratiyanı müxtəlif maraqların razılşadırılması, insanların milli və qlobal səviyyəli qərarların qəbulunda iştirakı üsulu kimi onların mənəvi hisslərinə, həyat tərzlərinə, müxtəlif hüquqi və siyasi sistemlərə, insanların milli və dini ənənələrinə hörmətlə uyğunlaşdıra bilsin”. Sənəddə beynəlxalq münasibətlərdə ikili standartlar rədd edilərək, belə bir əminlik ifadə edilir ki, dünya cansız və sadə ideoloji sxemlərə uyğunlaşdırılmayıb, çoxqütblü və çoxsistemli olmalıdır. Müraciətdə terrorizmin və ekstremizmin hər cür təzahürü, habelə onlara dini baxımdan bəraət qazandırılması cəhdləri pislənilir, dini hisslərin və müqəddəs yerlərin təhqir olunmasını dayandırmaq tələbi səslənir.
Zirvə görüşü başa çatdıqdan sonra ənənəvi dini konfessiyaların nümayəndələri - Smolensk və Kalininqrad Mitropoliti Kirillin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadənin, İranın dini lideri M.Təhsirinin, Rusiya müsəlmanlarının müftisi R. Qaynutdinin, habelə digər konfessiyaların nümayəndələrinin iştirakı ilə mətbuat konfransı olmuşdur. Belə mötəbər forumun təşəbbüskarlarından biri olan A.Paşazadə görülən işin yekunlarından məmnun qaldığını bildirmişdir. O demişdir ki, belə görüşlər tez-tez keçirilsəydi, bir çox problemlər olmazdı. Şeyxülislam bütün ölkələrin dini liderlərinin zirvə görüşünün keçirilməsinə verdiyi töhfəyə görə Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksiyə dərin minnətdarlığını bildirmişdir. A.Paşazadə ümidvar olduğunu söyləmişdir ki, belə zirvə görüşlərinin keçirilməsi xoş ənənəyə çevriləcək və bütün dini icmaların nümayəndələri vaxtı çatmış problemləri müzakirə etmək üçün bir masa arxasında əyləşəcəklər.